
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbulun I
mərhələsindən sonra ixtisas qrupları üzrə boş qalan plan yerlərinin
sayını açıqlayıb.
DİM-in məlumatına görə, I ixtisas qrupu üzrə 667 plan yeri boş
qalıb. Onlardan 639-u RK, 28-i isə Rİ altqrupunun payına düşür.
Boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, qəbul
imtahanının ikinci mərhələsi üzrə balı isə 100-dən az olmayan
abituriyentlər buraxılır. RK altqrupu üzrə bu şərtlərlə müsabiqədə
iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən 12, Rİ
altqrupu üzrə isə 416 abituriyent var.
RK altqrupunda ümumi balı 150-dən, ikinci mərhələ üzrə balı
50-dən az olmayan 447 abituriyent mövcuddur. Rİ altqrupunda isə bu
göstəricilərə malik abituriyentlərin seçə biləcəkləri ixtisaslar
üzrə boş plan yeri qalmayıb.
II ixtisas qrupu üzrə 395 plan yeri boşdur. Ümumi balı ən azı
200, ikinci mərhələ üzrə balı ən azı 100 olan və müsabiqədə iştirak
etməsinə baxmayaraq qəbul ola bilməyən abituriyentlərin sayı 29
nəfərdir. Ümumi balı 150-dən, ikinci mərhələ üzrə balı 50-dən az
olmayan 51 abituriyent var.
III ixtisas qrupu üzrə isə 25 plan yeri boş qalıb və onların
hamısı DT altqrupuna aiddir. DT altqrupu üzrə müsabiqədə iştirak
edib qəbul ola bilməyən abituriyentlərin sayı 3379 nəfərdir. DİM
bildirir ki, abituriyentlərin faktiki seçə biləcəyi yalnız bir
ixtisas – tədrisi ingilis dilində olan “Kitabxanaçılıq və
informasiya” ixtisasıdır. Bu ixtisas üzrə 5 plan yeri qalıb.
IV ixtisas qrupu üzrə 407 plan yeri boş qalıb. Müsabiqədə
iştirak edib ali məktəblərə qəbul ola bilməyən abituriyentlərin
sayı 138 nəfərdir. Ümumi balı 150-dən, ikinci mərhələ üzrə balı
50-dən az olmayan abituriyentlərin sayı isə 161 nəfərdir. Onlar
yalnız tədrisi ingilis dilində olan “Bağçılıq və tərəvəzçilik”,
həmçinin “Su bioehtiyatları və akvakultura” ixtisaslarını seçə
bilərlər.
V ixtisas qrupu üzrə 288 plan yeri boş qalıb. DİM xatırladıb ki,
boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən
ixtisaslar üzrə yalnız müvafiq qabiliyyət imtahanı komissiyaları
üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə
bilərlər.
Beləliklə, təqdim olunan göstəricilərə əsasən, beş ixtisas qrupu
üzrə ümumilikdə 1782 plan yeri boş qalıb.

