
Bakı. Trend:
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat
yayıb.
Bildirilib ki, bu tutulma Qismən Ay tutulması olacaq. Yəni Yerin
Kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay
Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş
verir. Ayın orbit müstəvisi Yerin orbit müstəvisi ilə cəmi 5°-lik
bucaq əmələ gətirir. Bu bucaq çox böyük olmadığı üçün Ay hər ay Yer
ilə Günəş arasındakı xəttin üzərindən dəqiq keçmir. Buna görə də
tutulmalar hər ay deyil, Ay, Yer və Günəşin uyğun konfiqurasiyada –
bir düz xətt üzərində və ya kiçik fərq olduğu halda baş verir. Ay
tutulması yalnız tam Ay fazasında mümkün olur.
Tutulma 28 avqust saat 05:23-də başlayacaq, saat 11:01-də
bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika,
Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq. Azərbaycan
üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən
yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava
işıqlanacaq, bu müddət isə yarımkölgəli tutulma fazasına düşəcək.
Yarımkölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın
işığının cuzi azalması kimi hiss olunur.
Qeyd edək ki, 2026-cı ildə daha əvvəl olan üç tutulma hadisəsi –
iki Günəş və bir Ay tutulmasından heç biri Azərbaycan ərazisindən
müşahidə olunmayıb. 2027-ci ildə isə ikisi Günəş, üçü isə Ay
tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi olacaq ki,
onlardan 21 fevralda baş verəcək Yarımkölgəli Ay tutulması və 2
avqustda baş verəcək Tam Günəş tutulması Azərbaycandan müşahidə
olunacaq. Günəş tutulması zamanı Azərbaycan tam kölgə zolağına
düşmədiyindən tutulma ölkə ərazisindən Qismən Günəş tutulması kimi
müşahidə olunacaq.

