
Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki,
respublika dünya antinüvə hərəkatının liderlərindən biri kimi nüvə
dövlətlərini danışıqlara çağırmaqda, həmçinin Nüvə Sınaqlarının
Hərtərəfli Qadağan Edilməsi Müqaviləsinin qüvvəyə minməsini
dəstəkləməkdə davam edir.
Bu barədə Tokayevin Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Fəaliyyət
Günü münasibətilə Qazaxıstan xalqına müraciətində deyilir.
“Bütün dövlətlərlə sülh və dostluğa can atmaq, yeni
Konstitusiyanın preambulasında təsbit edildiyi kimi, Qazaxıstanın
xarici siyasətinin dəyişməz prinsipidir. Ölkəmizin dünya antinüvə
hərəkatının liderlərindən biri kimi mövqeyi dəyişməz olaraq qalır:
biz nüvə dövlətlərini danışıqlara, Nüvə Sınaqlarının Hərtərəfli
Qadağan Edilməsi Müqaviləsinin mümkün qədər tez qüvvəyə minməsinə
və nüvə silahından istifadə təhlükəsinin aradan qaldırılması
məqsədilə qətiyyətli çoxtərəfli tədbirlərə çağırırıq”, – deyə
Tokayev vurğulayıb.
O əlavə edib ki, atom enerjisindən yalnız dinc və qurucu
məqsədlər üçün istifadə olunmalıdır.
“Ümumxalq referendumunda xalqımız nüvə energetikasının inkişafı
kursunu qətiyyətlə dəstəklədi və bununla Qazaxıstanın qarşıdakı
onilliklər ərzində iqtisadi, elmi və texnoloji inkişafı üçün möhkəm
təməl yaratdı. Bu strateji seçim ölkənin dayanıqlı inkişafında yeni
mərhələnin başlanmasına şərait yaradan islahatların mühüm
hissəsidir. İctimai həyatın bütün sahələrində həyata keçirilən
genişmiqyaslı islahatlar ədalətli, inkişaf etmiş və təmiz
Qazaxıstanın qurulmasına yönəlib”, – deyə prezident qeyd edib.
Tokayev xatırladıb ki, dünya ictimaiyyəti Qazaxıstanın təşəbbüsü
ilə BMT Baş Assambleyası tərəfindən təsis edilən Beynəlxalq Nüvə
Sınaqlarına Qarşı Fəaliyyət Gününü qeyd edir. Düz 35 il əvvəl
Semipalatinsk nüvə poliqonu bağlanıb.
“Bu tarix bütün bəşəriyyət üçün nüvə sınaqlarının faciəvi
nəticələrini xatırlatmalı və onların gələcəkdə qarşısının
alınmasına çağırış olmalıdır. Dünyanın dördüncü ən böyük nüvə
arsenalından könüllü şəkildə imtina edən Qazaxıstan sülh,
təhlükəsizlik və dayanıqlı inkişafın lehinə tarixi seçim etdi. Bu
qərar qazaxıstanlıların arzularını həyata keçirdi və dövlətimizin
gələcək nəsillərin taleyi qarşısında məsuliyyətini nümayiş
etdirdi”, – deyə Qazaxıstan lideri vurğulayıb.

