
Bakı. Trend:
Avqustun 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə
səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş
prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsi məlumat yayıb.
Bildirilib ki, Milli Məclisin sədri bu səfərin Azərbaycan və Çin
arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, həmçinin
prokurorluq orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini
verəcəyinə inamını bildirib.
Spiker 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasından keçən illər ərzində münasibətlərimizin dostluq,
qarşılıqlı hörmət və dəstək əsasında inkişaf etdiyini diqqətə
çatdırıb. Bildirib ki, Azərbaycan “Vahid Çin” siyasətini, Çin isə
öz növbəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü
həmişə dəstəkləyib.
İkitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli
səfərlərin müstəsna rolundan danışan Sahibə Qafarova, Prezident
İlham Əliyevin Çinə səfərlərinin və imzalanmış Strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb.
Spiker qonağa Milli Məclisin Azərbaycan Respublikasının Baş
Prokurorluğu ilə konstruktiv əməkdaşlığı, parlamentin strukturu və
qanun yaradıcılığı prosesi barədə məlumat verib. O, qeyd edib ki,
hazırda fəaliyyət göstərən VII çağırış Milli Məclis 2024-cü ildə
keçirilmiş seçki nəticəsində formalaşıb. Həmin seçki Azərbaycanın
bütün suveren ərazisində keçirilmiş ilk parlament seçkisi kimi
xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə Milli Məclisin sədri Çin parlamenti ilə əməkdaşlığın
mövcud vəziyyəti və gələcək imkanlar barədə danışıb, özünün cari
ilin mart ayında Çinə işgüzar səfərini və bu ölkənin parlamet sədri
Cao Lıci ilə görüşünü, apardığı müzakirələri məmnunluqla
xatırlayıb. Spiker Sahibə Qafarova parlamentlərarası əlaqələr üzrə
işçi qruplarının fəaliyyəti barədə də fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanla Çin arasında qarşılıqlı faydalı
siyasi əməkdaşlığın daha bir nümunəsi olan Yeni Azərbaycan
Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq yüksək
qiymətləndirilib. Həmçinin, Azərbaycanın “Bir kəmər, bir yol”
təşəbbüsündə fəal iştirakı, ölkəmizin Çinlə Avropanı birləşdirən
Orta Dəhlizin inkişafında mühüm rolu diqqətə çatdırılıb.
Görüş üçün təşəkkürünü bildirən Çin Xalq Respublikasının Ali
Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq Azərbaycana səfərdən
əvvəl Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin
sədri Cao Lıci ilə görüşüb müzakirələr apardığını qeyd edib və onun
xahişinə əsasən, onun salamlarını Milli Məclisin sədrinə
çatdırıb.
Spiker Sahibə Qafarova da öz növbəsində təşəkkürünü bildirərək,
onun salamlarının həmkarına çatdırılmasını xahiş edib.
Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olmasından
məmnunluqla danışan qonaq, Prezident İlham Əliyevin 2025-ci ildə
Çinə səfərlərini və Prezident Si Cinpinlə görüşlərinin əhəmiyyətini
diqqətə çatdırıb.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin
inkişafından söz açan Baş prokuror Azərbaycan Baş prokurorluğu ilə
imzalanmış sənədlərdən və əməkdaşlığın perspektivlərindən danışıb.
O, diqqətə çatdırıb ki, iki ölkənin Baş prokurorluqları arasında
sıx əməkdaşlıq hər iki ölkənin vətəndaşlarının hüquqlarının
qorunmasına və cinayətkarlığın qarşısının alınmasına öz töhfəsini
verəcək. Qonaq Çində hüquq-mühafizə orqanlarının fəaliyyəti,
ədliyyə sistemi, Baş Prokurorluqla parlament arasında əməkdaşlıq və
ölkə prokurorluğunun fəaliyyəti haqqında məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də
fikir mübadiləsi aparılıb.
Qonaqlar Milli Məclisin inzibati binasında olarkən parlamentin
plenar iclas zalına da baş çəkiblər, burada yaradılmış iş şəraiti
ilə tanış olublar.

