
Bakı. Trend:
“FutureFem 2.0” layihəsi başa
çatıb
“Azercell”in dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin
Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən
“FutureFem 2.0 – Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının
Artırılması” layihəsi başa çatıb.
Layihədə 24 ali təhsil müəssisəsindən 92 tələbə və 8 məzun
olmaqla, ümumilikdə 100 gənc qadın iştirak edib. Onlar 6 ay ərzində
sahibkarlıq, maliyyə savadlılığı, rəqəmsal marketinq, layihələrin
idarə olunması, liderlik və kommunikasiya üzrə təlimlərə
qatılıblar. İştirakçılar həmçinin müxtəlif sahələri təmsil edən
mentorların dəstəyi öz biznes ideyalarını da hazırlayıblar.
Avqust ayının 28-i layihənin yekun görüşündə seçilmiş 10 komanda
ideyalarını hakatonun münsiflər heyətinə təqdim edib. ”NovaHer”
komandası birinci yerə layiq görülərək 3 000 AZN pul mükafatı
qazanıb. İkinci və üçüncü yerləri tutan komandalar isə ideyalarını
daha da inkişaf etdirmək üçün yerli startap nümayəndələri ilə
görüşmək imkanı qazanıblar.
“FutureFem 2.0” Azercell-in “Həyatı daha dolğun edirik:
qadınlara dəstək 2025” proqramı üzrə keçirilən sosial layihə
müsabiqəsinin qalib təşəbbüslərindən biridir. Proqram qadınların
yeni bilik və bacarıqlar əldə etməsinə, iqtisadi imkanlarının
genişləndirilməsinə və cəmiyyətin sosial-iqtisadi həyatında daha
fəal iştirakına töhfə verir.

