
Bakı. Trend:
Bakının bir sıra küçə və yollarında aparılan təmir işləri ilə
əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam
məhdudlaşdırıla bilər.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
məlumat yayıb.
Bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin
təmin edilməsi məqsədilə Binəqədi rayonunun Mirmahmud Kazımovski və
Elçin Əzizov küçələrində, Xəzər rayonunda Türkan–Hövsan şossesində,
həmçinin Suraxanı rayonunun Elzar Yusubov küçəsində təmir işləri
aparılır.
Bundan başqa, sentyabrın 1-i saat 09:00-dan etibarən Heydər
Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir
işlərinə başlanılacaq.
Bildirilib ki, təmir işlərinin gedişindən asılı olaraq, qeyd
olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam
məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək
qüvvədə olacaq.
Sürücülərdən həmin müddətdə alternativ hərəkət istiqamətlərindən
istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları
xahiş olunur.

