FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan qeyri-sabit
hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən verilən məlumatda bildirilib ki, əvvəlcədən
xəbərdarlıq edildiyi kimi, hazırda ölkə ərazisində qeyri-sabit hava
şəraiti müşahidə olunur, o cümlədən ayrı-ayrı yerlərdə intensiv
yağış yağır, arabir güclənən külək əsir və şimşək çaxır. Belə hava
şəraitinin sabahadək davam edəcəyi proqnozlaşdırılır.

Məlumatda qeyd edilib ki, qeyd olunanları nəzərə alaraq,
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək müvafiq
təhlükəsizlik qaydalarını təkrar xatırladır:

“Belə ki, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün
sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli
ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal
yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və
tövsiyələrinə sözsüz əməl etmək lazımdır.




Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və
müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,
elektrik dirəyi və naqillərinin, hündür ağacların altında
dayanmamaq tövsiyə olunur.

Eləcə də kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində
dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım
çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit
şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən
elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya
yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə
olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın
bitməsini gözləmək tövsiyə edilir”.

“Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı
112-yə zəng edin”, – deyə nazirliyin məlumatında vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir