
Bakı. Trend:
Azərbaycanda sentyabrın 1-dən etibarən balıq ovu mövsümü açıq
elan olunub.
Trend xəbər
verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzi məlumat
yayıb.
Bildirilib ki, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq
ovuna tətbiq olunan moratorium sentyabrın 1-dən başa çatıb.
Bu tarixdən etibarən Xəzər dənizində, Kür çayında, Sarısu
gölündə, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su
anbarlarında müəyyən edilmiş qaydalara uyğun olaraq balıq ovu
həyata keçirilə bilər.
Balıqçılıq və Akvakultura Mərkəzi balıq ovu ilə məşğul olan
şəxsləri müəyyən edilmiş qaydalara riayət etməyə, su
bioresurslarının qorunmasına həssas yanaşmağa və məsuliyyətli
balıqçılıq prinsiplərinə əməl etməyə çağırıb.
Qeyd olunub ki, mövsüm ərzində su hövzələrində balıq
ehtiyatlarının qorunması və balıq ovu qaydalarına əməl edilməsi
istiqamətində müvafiq qurumlarla birgə nəzarət tədbirləri davam
etdiriləcək.

