Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

Baş səhifə

Bakı. Trend:

Amerika-Gürcüstan Biznes Şurası (AGBC) və Amerika-Azərbaycan
Ticarət Palatası (USACC) Dünya Bankının regional direktoru Roland
Prays ilə Orta Dəhlizin inkişafına və regional nəqliyyat
əlaqəliliyinə həsr olunmuş dəyirmi masa keçirəcəklər.

“Diskussiya zamanı Mərkəzi Asiyanı, Cənubi Qafqazı, Türkiyəni və
Avropanı birləşdirən ticarət və nəqliyyat marşrutu kimi Orta
Dəhlizin artan əhəmiyyəti nəzərdən keçiriləcək. Bundan əlavə,
tərəflər regional əlaqəliliyin gücləndirilməsi, ticarət və
investisiyaların genişləndirilməsi, eləcə də dəhliz boyunca
yerləşən ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi
imkanlarını müzakirə edəcəklər”, – palatadan bildirilib.

Dünya Bankı hesab edir ki, Orta Dəhlizin gücləndirilməsi üzrə
tədbirlərin həyata keçirilməsi ticarətin artması, iş yerlərinin
yaradılması və sahibkarlığın stimullaşdırılması hesabına region
ölkələrinin iqtisadi inkişafına töhfə verəcək.

“İnvestisiyaların və səmərəliliyin artırılması üzrə tədbirlərin
birləşdirilməsi 2030-cu ilə qədər dəhliz üzrə daşınma müddətini iki
dəfə azaltmağa və ticarət həcmlərini üç dəfə artırmağa imkan verə
bilər”, – Dünya Bankının 2024-cü il hesabatında qeyd olunub.

Azərbaycan nəqliyyat əlaqəliliyinin gücləndirilməsi, sərhədkeçmə
prosedurlarının optimallaşdırılması və rəqəmsal məlumat
mübadiləsinin genişləndirilməsi məqsədilə Orta Dəhliz boyunca
yerləşən tərəfdaş ölkələrlə fəal əməkdaşlıq edir.




Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir
yolu, Ələt Azad İqtisadi Zonası və yeni logistika mərkəzləri
marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Hazırda Bakı Limanının genişləndirilməsi həyata keçirilir və
bunun nəticəsində onun yük emalı gücü 15 milyon tondan 25 milyon
tona çatdırılacaq.

Orta Dəhlizdə aparılan islahatların ən mühüm nəticələrindən biri
yüklərin daşınma müddətinin əhəmiyyətli dərəcədə azaldılması olub.
Bir neçə il əvvəl Çin-Avropa marşrutu üzrə yüklərin çatdırılması
38-53 gün çəkirdisə, hazırda orta hesabla 12 gün təşkil edir.
Müddətin bu qədər azalması elektron icazələrin və e-TIR və e-CMR
daxil olmaqla rəqəmsal alətlərin tətbiqi, yüklərin real vaxt
rejimində izlənilməsi, gömrük və sərhəd prosedurlarının
optimallaşdırılması, həmçinin dövlət qurumları arasında məlumat
mübadiləsinin sürətləndirilməsi sayəsində mümkün olub.

Dünya ticarətinin getdikcə daha çevik, şaxələndirilmiş və
çoxqatlı olduğu bir şəraitdə Orta Dəhliz formalaşmaqda olan
Avrasiya ticarət arxitekturasının əsas elementlərindən birinə
çevrilmək üçün tarixi imkan əldə edir.

Marşrut tədricən xəritədə iki nöqtəni birləşdirən sadə tranzit
arteriyasının hüdudlarından çıxaraq, genişlənən şəbəkə boyunca yeni
ticarət axınlarını, investisiyaları, infrastruktur layihələrini və
logistika xidmətlərini cəlb edən daha geniş iqtisadi ekosistemə
çevrilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir