“Sea Breeze Resort”da çimərlik polosu turniri keçiriləcək

Baş səhifə

Bakı. Trend:

11–13 sentyabr 2026-cı il tarixlərində “Sea Breeze Resort”
ərazisində, “Havana Beach”də çimərlik polosu “See Breeze 2026”
turniri keçiriləcək.

Tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq
Federasiyası (ARAF) və “Sea Breeze”dir. Turnirdə Azərbaycan, Böyük
Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak
edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq.
Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə,
Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən
idmançılar yer alır.

Turnir çərçivəsində 11, 12 və 13 sentyabr tarixlərində hər gün
saat 16:00-dan etibarən 2 polo oyunu keçiriləcək. Komandaların
hansı gün və hansı rəqiblə qarşılaşacağı oyunlardan bir gün əvvəl
keçiriləcək püşkatma əsasında müəyyənləşdiriləcək.

“Beach Polo” formatında hər oyun 4 hissədən – çukkerdən
ibarətdir. Hər çukker təxminən 7 dəqiqə davam edir. Fasilələr
nəzərə alınmaqla bir oyunun ümumi müddəti təxminən 30–40 dəqiqə
təşkil edir. Hava şəraiti və temperaturdan asılı olaraq oyunların
müddətində və proqramda müəyyən dəyişikliklər edilə bilər.

Turnirin final oyunu 13 sentyabr saat 16:00-da keçiriləcək.
Final oyunundan sonra qaliblərin mükafatlandırılması və kubokun
təqdim edilməsi mərasimi təşkil olunacaq.




Tədbir çərçivəsində idman proqramı ilə yanaşı, tamaşaçılar üçün
DJ proqramı və əyləncə elementləri də nəzərdə tutulur. Turnirə
giriş bilet əsasında həyata keçiriləcək və üç gün ərzində
ümumilikdə təxminən 500 tamaşaçının iştirakı gözlənilir.

Turnirin oyunları İdman TV tərəfindən canlı yayımlanacaq.
Bununla yanaşı, beynəlxalq polo auditoriyasına yönəlmiş “Polo Line”
internet kanalı da tədbirdə iştirak edərək turnirin media
işıqlandırılmasına və polo ictimaiyyətinə çatdırılmasına töhfə
verəcək.

Çimərlik polosu “See Breeze 2026” Azərbaycanın atçılıq idmanının
yeni və dinamik formatda təqdim olunması, beynəlxalq polo icması
ilə əlaqələrin genişləndirilməsi, ölkənin polo və atçılıq
mədəniyyətinin təbliği, eləcə də Azərbaycanın beynəlxalq idman
tədbirlərinin keçirilməsi üzrə potensialının nümayiş etdirilməsi
baxımından əhəmiyyətli tədbir kimi nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir