
Bakı.Trend:
Müasir reallıqlar nəzərə alınmaqla BMT və Bretton-Vuds
sistemində islahatlar aparılmalı, inkişaf etməkdə olan ölkələrin
təmsilçiliyi və təsiri artırılmalıdır.
Trend-in xüsusi
müxbirinin verdiyi məlumata görə, bunu BMT-nin Baş katibi Antonio
Quterreş Bişkekdə keçirilən “ŞƏT+” formatında görüşdə çıxışı zamanı
deyib.
“Bizim münasibətlərimiz dəyişir, lakin çoxtərəfli təşkilatlar
hələ də əsasən 1945-ci ilin reallıqlarını əks etdirir. Ədalətli
dünya nizamının qurulması üçün biz Birləşmiş Millətlər Təşkilatı və
Bretton-Vuds sistemi də daxil olmaqla, çoxtərəfli institutlarımızda
islahatlar aparmalıyıq ki, onlar müasir reallıqları əks etdirsin və
inkişaf etməkdə olan ölkələrin təmsilçiliyini və təsirini
artırsın”, – deyə o bildirib.
Quterreş müasir dünyanın getdikcə daha çox çoxqütblü xarakter
aldığını qeyd edərək, bu prosesin gücləndirilməsinin zəruriliyini
vurğulayıb.
“Dünyamız getdikcə daha çox çoxqütblü olur. Bu, yaxşı haldır və
gücləndirilməlidir. Çoxqütblülük qlobal idarəetmədə və beynəlxalq
münasibətlərdə ədalətin təmin olunmasının şərtidir. Çoxqütblülük
həmçinin ikili standartlar olmadan, Nizamnaməyə uyğun olaraq hamıya
xidmət edən səmərəli çoxtərəflilik və Birləşmiş Millətlər Təşkilatı
üçün ən yaxşı dayaqdır”, – deyə BMT-nin Baş katibi bildirib.
O, BMT-nin ŞƏT-lə uzun illər davam edən əməkdaşlığa yüksək
qiymət verdiyini bildirərək, təşkilatı çoxtərəfliliyin mühüm dayağı
adlandırıb.
İnkişafın maliyyələşdirilməsinə toxunan Quterreş qlobal maliyyə
arxitekturasında islahatların aparılmasının və inkişaf etməkdə olan
ölkələrin borc yükü probleminin həllinin zəruriliyini bildirib.
“Ədalət və bərabərliyi təmin etmək üçün qlobal maliyyə
arxitekturasında islahatlar aparmalıyıq və çox sayda inkişaf
etməkdə olan ölkəni boğan borc problemini ciddi şəkildə həll
etməliyik. Çoxtərəfli inkişaf bankları onları dəstəkləmək üçün daha
böyük, daha yaxşı və daha cəsarətli olmalıdır”, – deyə o
bildirib.
Quterreş həmçinin süni intellektin bütün ölkələr üçün fayda
verməsini təmin etməyin vacibliyini qeyd edib.
“Süni intellekt bütün ölkələrə fayda gətirməlidir. Bunun üçün
müəyyən çərçivələrə ehtiyac var”, – deyə BMT-nin Baş katibi
vurğulayıb.
O, BMT çərçivəsində müstəqil beynəlxalq elmi qrupun və süni
intellektin idarə olunması üzrə qlobal dialoqun yaradılması
təşəbbüsünə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Onun
sözlərinə görə, bu, bütün ölkələrin bu sahədə qlobal yanaşmaların
formalaşdırılmasında iştirak edə bilməsinə imkan verəcək.

