Özbəkistan qlobal idarəçilikdə “ŞƏT +” formatının rolunun genişləndirilməsinə çağırıb

Baş səhifə

Bişkek.Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq
Təşkilatının “ŞƏT+” formatının iqtisadi inkişaf, texnologiyalar,
iqlim dəyişikliyinə uyğunlaşma və qlobal idarəçilik sahələrində
regionlararası əməkdaşlıq platforması kimi rolunun
genişləndirilməsinə çağırıb.

Trend-in xüsusi
müxbirinin verdiyi məlumata görə, Şavkat Mirziyoyev Birləşmiş
Millətlər Təşkilatının ədalətli beynəlxalq nizamın
formalaşdırılmasında roluna həsr olunmuş “ŞƏT+” görüşündə çıxış
edib. Görüşdə ŞƏT-ə üzv dövlətlərin, müşahidəçi ölkələrin, dialoq
tərəfdaşlarının və beynəlxalq təşkilatların liderləri və yüksək
vəzifəli nümayəndələri, o cümlədən BMT-nin Baş katibi Antonio
Quterreş iştirak ediblər.

Özbəkistan Prezidenti bildirib ki, BMT öz mərkəzi əlaqələndirici
rolunu qoruyub saxlamalı, regional təşkilatlar isə ümumi
prinsipləri və qərarları regional şəraitə və prioritetlərə
uyğunlaşdırmaqla onun fəaliyyətini tamamlaya bilər.

“Dövlətlərin və regional birliklərin qlobal institutlara
universal missiyalarını daha səmərəli şəkildə həyata keçirməyə necə
kömək edə biləcəyini müəyyənləşdirmək vacibdir”, – deyə Mirziyoyev
bildirib.

O, dayanıqlı artım, qabaqcıl texnologiyalar, iqlim dəyişikliyinə
uyğunlaşma, insan kapitalı, əlçatan təhsil və gənclərin inkişafı
sahələrində əməkdaşlığın təşviqi üçün “ŞƏT+” formatından istifadə
etməyi təklif edib.

Özbəkistan, həmçinin BMT vasitəsilə həll olunan məsələlər üzrə
təcrübə mübadiləsinə və yanaşmaların əlaqələndirilməsinə yardım
etmək məqsədilə “ŞƏT +” çərçivəsində regional təşkilatların
tərəfdaşlıq şəbəkəsinin yaradılmasını təklif edib.




Digər təklif təbii ehtiyatların idarə edilməsi, “yaşıl” enerji,
rəqəmsal xidmətlər və səhiyyə sahələrini əhatə edən regionlararası
layihə və texnologiyaların açıq bankının yaradılmasını nəzərdə
tutur.

İqtisadi əməkdaşlıq da diqqət mərkəzində olub. Mirziyoyev biznes
üçün bazarlara çıxışın asanlaşdırılması, transsərhəd nəqliyyat
dəhlizlərinin yaradılması və birbaşa xarici investisiyaların
həcminin artırılması da daxil olmaqla, daha əhəmiyyətli praktiki
nəticələrin əldə olunmasına çağırıb.

“Biznes hər yerdə real nəticələri görməlidir – bazarlara çıxış
prosedurlarının sadələşdirilməsi, transsərhəd dəhlizlərinin işə
salınması və birbaşa investisiyaların axını hesabına”, – deyə o
bildirib.

Bu kontekstdə Özbəkistan ŞƏT İnvestisiya Forumunun investisiya
əməkdaşlığı üçün daim fəaliyyət göstərən platformaya çevrilməsini
təklif edib.

Mirziyoyev, həmçinin “ŞƏT plus” formatında daimi fəaliyyət
göstərən Mədəniyyətlər və Sivilizasiyalar Forumunun yaradılmasına
çağırıb. İlk tədbirin keçirilməsi üçün Xivə şəhəri təklif
olunub.

Bu təkliflər Özbəkistanın “ŞƏT+” formatına daha geniş praktiki
məzmun qazandırmaq, regional təşkilatları və iqtisadiyyatları
konkret əməkdaşlıq istiqamətləri ətrafında birləşdirmək istəyini
nümayiş etdirir. İnvestisiyalar, texnologiyalar, qarşılıqlı
əlaqəlilik və dayanıqlı inkişafa diqqət siyasi dialoqun praktiki
müstəviyə keçirilməsinə və birgə regional layihələrin həyata
keçirilməsinə xidmət etməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir