
Bakı. Trend:
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitinə sadəcə təşkilatın
növbəti iclaslarından biri kimi yanaşmaq düzgün deyil. Sammit təkcə
ŞƏT-in institusional transformasiyasının və onun getdikcə artan
geosiyasi çəkisinin nümayişi deyil, həm də beynəlxalq sistem
daxilində baş verən daha genişmiqyaslı güc dəyişikliyinin mühüm
göstəricisidir.
Bu barədə Türkiyənin Uludağ Universitetinin professoru Mehmet
Yüce Trend-ə
açıqlamasında deyib.
Onun sözlərinə görə, son illərdə qlobal siyasətin birqütblü
strukturdan çoxmərkəzli və çoxsəviyyəli bir sistemə doğru təkamülü
ŞƏT-in əhəmiyyətini artırır.
“Əvvəlcə əsasən Mərkəzi Asiyanın təhlükəsizlik məsələlərinə
yönəlmiş regional bir qurum olan ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı)
bu gün Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya
ölkələrini vahid platformada birləşdirən genişmiqyaslı Avrasiya
əməkdaşlıq mexanizminə çevrilib.
Təşkilatın gündəliyinin təhlükəsizlik sahəsindən kənara çıxaraq
enerji, nəqliyyat, ticarət, texnologiya, süni intellekt,
informasiya təhlükəsizliyi, nüvə təhlükəsizliyi, iqlim dəyişikliyi
və iqtisadi əməkdaşlıq kimi bir sıra geniş sahələri əhatə etməsi bu
transformasiyanın ən bariz göstəricilərindən biridir.
Bişkek Sammitində qəbul edilmiş sənədlər həmçinin onu göstərir
ki, ŞƏT artıq yalnız klassik mənada bir təhlükəsizlik təşkilatı
kimi qəbul edilməməlidir”, – deyə o qeyd edib.
M.Yüce əlavə edib ki, ŞƏT-ə hərbi ittifaq və ya vahid ideoloji
blok kimi deyil, müxtəlif güc mərkəzlərinin ortaq maraqlar əsasında
əməkdaşlıq edə biləcəyi strateji manevr və dialoq platforması kimi
yanaşmaq daha realdır.
“Əslində, ŞƏT-in özünəməxsusluğu məhz bundadır. Bir-biri ilə
rəqabət aparan və ya fərqli prioritetlərə malik dövlətlər ortaq
maraq sahələri müəyyən etmək məqsədilə eyni institusional çətir
altında bir araya gələ bilirlər. Bu vəziyyət həm də onu göstərir
ki, müasir beynəlxalq sistem getdikcə klassik ittifaq modellərindən
uzaqlaşır.
Bişkek Sammitinin daha genişmiqyaslı əhəmiyyətini dərk etmək
üçün beynəlxalq sistemdəki transformasiyaya nəzər salmaq lazımdır.
Soyuq müharibənin başa çatmasından sonra formalaşan ABŞ mərkəzli
birqütblü struktur bu gün artıq əvvəlki kimi həlledici rol oynamır “, – deyə o vurğulayıb.
Professor bildirib ki, bu yeni dövrdə dövlətlər ənənəvi mənada
hər hansı bir bloku seçmək əvəzinə, müxtəlif güc mərkəzləri ilə
eyni vaxtda münasibətlər qurmaq yolu ilə strateji manevr
imkanlarını genişləndirməyə çalışırlar.
“Bişkek Sammiti, xüsusilə Türkiyə, Azərbaycan və Türk dünyası
nöqteyi-nəzərindən diqqətlə izlənilməlidir.
Bunun səbəbi odur ki, Mərkəzi Asiya həm ŞƏT, həm də Türk dünyası
üçün geosiyasi mərkəzlərdən biridir. Region ölkələrinin – xüsusilə
Qazaxıstan, Qırğızıstan və Özbəkistanın – ŞƏT daxilindəki mövqeyi
Türk dünyasının Çin, Rusiya, Hindistan və İran kimi böyük
dövlətlərlə münasibətləri baxımından mühüm strateji amil təşkil
edir. Bu mərhələdə Türk Dövlətləri Təşkilatı və ŞƏT-ə rəqib
qurumlar kimi deyil, bir-birini tamamlaya bilən və fərqli
funksiyalara malik platformalar kimi yanaşmaq daha düzgün
olardı.
ŞƏT türk dövlətlərinə daha geniş Avrasiya regionu miqyasında
iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahəsindəki
əlaqələrini inkişaf etdirə biləcəkləri çoxtərəfli bir platforma
təqdim edir”, – deyə M.Yüce qeyd edib.

