
Bakı. Trend:
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların
müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar
müəyyənləşib.
Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar
iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə
minib.
Qanuna əsasən, malların müvəqqəti saxlanc anbarında
yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən
sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib
olunan akt əsasında həyata keçiriləcək.
Malların müvəqqəti saxlanc anbarlarında qalma müddəti onların
xüsusiyyətləri nəzərə alınmaqla gömrük orqanları tərəfindən 1 aydan
çox olmayan müddətdə müəyyən ediləcək.
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gətirilən və
təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan qida məhsullarının müvəqqəti saxlanc anbarında
yerləşdirilməsinə yol verilməyəcək. Bu halda mallar şəxsin seçimi
əsasında gömrük ərazisindən geri qaytarılmalı, yaxud gömrük
orqanının vəzifəli şəxsinin iştirakı ilə məhv edilməlidir.
Gömrük ərazisinə gətirilməsi qadağan edilən malları gömrük
ərazisindən dərhal çıxarmaq mümkün olmadıqda həmin malların
müvəqqəti saxlanc anbarında saxlanc müddətinin son həddi 3
sutkadır.
Malların müvəqqəti saxlanc anbarında qalma müddətində fiziki
şəxslər aşağıdakı hüquqlara malikdirlər:
- tələb olunan gömrük ödənişlərini ödəməklə, həmçinin
“Lisenziyalar və icazələr haqqında” Qanununda nəzərdə tutulduqda
müvafiq lisenziya və ya icazə sənədini təqdim etməklə malları
götürmək; - malları gömrük ərazisindən geri qaytarmaq;
- mallardan dövlətin xeyrinə imtina etmək.
Malların müvəqqəti saxlanc anbarında saxlancına görə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə gömrük
yığımı ödəniləcək.
Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi barədə
aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunacaq.
Müvəqqəti saxlanc bəyannaməsi
Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti
saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında
yerləşdiriləcək.
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş sənədlər müvəqqəti saxlanc bəyannaməsi ilə birgə təqdim
ediləcək.
Müvəqqəti saxlanc bəyannaməsi malları gömrük ərazisinə gətirmiş
şəxs, onun adından çıxış edən şəxs, mallar gömrük ərazisinə
gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs,
malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs,
saxlanc yerlərinin sahibi və ya sərbəst zonada fəaliyyət göstərən
şəxslərdən biri tərəfindən mallarla birlikdə gömrük orqanına təqdim
ediləcək.
Müvəqqəti saxlancın tətbiqi üçün zəruri olan məlumatları özündə
əks etdirən qısa idxal bəyannaməsi və ya onu əvəz edən nəqliyyat
sənədləri, həmin məlumatların tamlığından asılı olaraq müvəqqəti
saxlanc bəyannaməsi kimi qəbul ediləcək.
Müvəqqəti saxlanc bəyannaməsindən aşağıdakı hallarda
istifadə ediləcək:
- barəsində məcburi qərar qəbul edilmiş malların gömrük ərazisinə
gətirilməsinin təsdiq edilməsi zamanı; - malların gömrük orqanlarına təqdim edilməsi zamanı;
- müvəqqəti saxlancda yerləşdirilmiş malların digər gömrük
proseduru altında yerləşdirilməsi və ya təkrar ixrac edilməsi
zamanı.
Tranzit xüsusi gömrük proseduru altında daşınan xarici malların
müvəqqəti saxlancda yerləşdirilməsi üçün gömrük orqanları
tərəfindən müvəqqəti saxlanc bəyannaməsi kimi tranzit sənədi qəbul
ediləcək. Tranzit xüsusi gömrük proseduru başa çatdıqdan sonra
müvəqqəti saxlanc bəyannaməsi veriləcək.
Aşağıdakı abzasda nəzərdə tutulmuş hallar istisna olmaqla
bəyannaməçinin müraciəti əsasında gömrük orqanlarına təqdim edilmiş
müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə
veriləcək. Müvəqqəti saxlanc bəyannaməsində edilən düzəlişlər
əvvəlcədən onun əhatə etmədiyi mallara tətbiq oluna bilməz.
Aşağıdakı hallarda gömrük orqanlarına təqdim olunmuş
müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə
verilməyəcək:
- gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində
olduğunu bildirdikdən sonra; - gömrük orqanları müvəqqəti saxlanc bəyannaməsindəki
məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra.
Müvəqqəti saxlanc bəyannaməsi bəyannaməçinin müraciəti olduqda,
habelə bəyan edilmiş mallar 1 ay ərzində gömrük orqanlarına təqdim
edilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.
Malların müvəqqəti saxlanca yerləşdirilməsinə dair
şərtlər və öhdəliklər
Xarici malların müvəqqəti saxlancı idxal gömrük rüsumları, idxal
üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti
tədbirləri tətbiq olunmadan müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc
anbarlarında, habelə gömrük orqanları ilə razılaşdırılmış digər
saxlanc yerlərində və gömrük nəzarəti altında həyata keçiriləcək.
Gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerləri saxlanc
anbarlarına dair tələblərə cavab verməlidir.
Gömrük orqanları mal sahibindən yarana biləcək gömrük borcuna
görə təminat tələb etmək hüququna malikdirlər.
Müvəqqəti saxlancda yerləşdirilən malların mövcud vəziyyətdə
qalmasını təmin etmək üçün onlar adi işləmə formalarına məruz qala
biləcəklər. Belə hallarda malların xarici görünüşünün və texniki
göstəricilərinin dəyişdirilməsinə yol verilməyəcək.
Müvəqqəti saxlanc anbarlarının və saxlanc yerlərinin sahibi
aşağıdakılara görə cavabdehdir:
- müvəqqəti saxlancda yerləşdirilmiş malların gömrük nəzarətindən
yayındırılmasına; - malların saxlancından irəli gələn öhdəliklərinin yerinə
yetirilməsinə.
Malları müvəqqəti saxlanc anbarında saxlamaq mümkün olmadıqda,
müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük
proseduru altında yerləşdirilmək üçün bəyan edilmədikdə və ya
təkrar ixrac olunmadıqda həmin mallar barəsində müəyyən edilmiş
qaydada sərəncam veriləcək.
Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada daxili malların müvəqqəti saxlanc anbarında
saxlanılmasına icazə verəcək.
Gömrük orqanlarının razılığı ilə müvəqqəti saxlancda olan mallar
gömrük nəzarəti altında müxtəlif müvəqqəti saxlanc anbarları
arasında daşınacaq.
Müvafiq icra hakimiyyəti orqanı müvəqqəti saxlanc anbarlarının,
o cümlədən gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc
yerlərinin siyahısını nəşr edəcək, rəsmi internet informasiya
ehtiyatında yerləşdirəcək və məlumatların daimi yenilənməsini təmin
edəcək.
Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna,
təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara,
uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata
keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra
hakimiyyəti orqanı müəyyən edəcək.
Malların müvəqqəti saxlancda qalma
müddəti
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların
xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət
müəyyən edildiyi hallar istisna olmaqla malların müvəqqəti
saxlancda qalma müddəti 4 aydan çox olmamalıdır.
Malların müvəqqəti saxlancda qalma müddəti onların və istifadə
olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri və gömrük
bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə
alınmaqla gömrük orqanı tərəfindən müəyyən ediləcək. Müvəqqəti
saxlanc bəyannaməsini təqdim etmiş şəxsin əsaslandırılmış müraciəti
olduqda gömrük orqanı həmin müddəti yuxarıdakı abzasda göstərilən
müddət çərçivəsində uzadacaq.
Mallar müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa
gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya
təkrar ixrac olunmalıdır.
Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən
iclasında təqdim edilib.
İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov
bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın
tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı
tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında
sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində
müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.
Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı
yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda “bir
elektron bəyannamə” prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və
tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də
Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə
xidmət edəcək.
Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə
tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi
Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük
təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat
verilib.
Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan
yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması,
elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin
Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd
olunub.
Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin
legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin
üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi
mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda,
gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının
dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu
diqqətə çatdırılıb.
Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi
üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik,
əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət
mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının
təmin olunmasına xidmət edir.
Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük
tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə
keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və
səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının
genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.

