
Bakı.Trend:
“ING Group” Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını
açıqlayıb.
Niderlandın “ING Group” bank qrupunun qiymətləndirmələrinə
əsasən, Azərbaycanda inflyasiyanın 2026-cı ildə 5,8 faiz təşkil
edəcəyi gözlənilir. 2027-ci ildə bu göstəricinin 0,2 faiz bəndi
azalaraq 5,6 faiz, 2028-ci ildə isə 5,3 faiz olacağı
proqnozlaşdırılır.
Cari ilin üçüncü rübündə inflyasiyanın 5,8 faiz, dördüncü
rübündə isə 5,9 faiz təşkil edəcəyi gözlənilir.
Qrupun məlumatına görə, 2027-ci ilin birinci və ikinci
rüblərində inflyasiyanın 5,8 faiz, üçüncü və dördüncü rüblərində
isə 5,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının son proqnozlarına
əsasən, orta müddətli perspektivdə illik inflyasiya hədəf
göstəricisi çərçivəsində olacaq.
“Belə ki, iyul ayında açıqlanan baza ssenarisi üzrə proqnozlara
əsasən, 2026-cı ilin sonunda illik inflyasiyanın 6,1 faiz, 12 ay
sonra (yəni 2027-ci ilin iyununda) 6 faiz, 2027-ci ilin sonunda isə
5,8 faiz təşkil edəcəyi gözlənilir. Beləliklə, illik inflyasiyanın
2027-ci ilin ikinci yarısından etibarən hədəf göstəriciyə
qayıdacağı gözlənilir. Qeyd etmək lazımdır ki, 2026-cı ilin sonu
üçün gözlənilən inflyasiyanın hədəf göstəricidən kənarlaşması
proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun yuxarı
istiqamətdə yenidən nəzərdən keçirilməsi, əsasən, xarici mənşəli
birbaşa və dolayı xərc amillərinin təsirinin güclənməsi ilə
əlaqədardır ki, bu təsir orta müddətli perspektivdə daimi xarakter
daşımır”, – deyə AMB-dən bildirilib.

