
Bakı. Trend:
Sentyabrın 3-də Türk Dövlətləri Parlament Assambleyasının Baş
katibi cənab Ramil Həsən TÜRKPA Beynəlxalq Katibliyində
Azərbaycanda rəsmi səfərdə olan ATƏT Parlament Assambleyasının
Prezidenti cənab Pere Joan Pons Sampietronun başçılığı ilə ATƏT PA
nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, o
cümlədən 2010-cu ildən TÜRKPA-nın ATƏT PA ilə səmərəli və fəal
əməkdaşlığı xüsusilə vurğulanıb. Həmçinin TÜRKPA-nın ATƏT PA-da
müşahidəçi statusu əldə etməsi ilə bağlı atılan addımlar, ATƏT
PA-nın iyul ayında Haaqada keçirilmiş illik sessiyasında bu məsələ
ilə bağlı səsvermə prosesi və bundan sonrakı mərhələ ilə əlaqədar
geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Qazaxıstanda baş tutan Parlament seçkiləri,
TÜRKPA-nın son dövrdə həyata keçirdiyi irimiqyaslı və faydalı
əlaqələr, dialoq, sülh, əmin-amanlıq, qarşılıqlı anlayış
istiqamətində ATƏT PA və TÜRKPA-nın səmərəli əməkdaşlığı müzakirə
edilib. Eyni zamanda gələcək fəaliyyətlərində nümayəndə
heyətlərinin daha fəal şəkildə iştirakının ümumi maraqlara xidmət
etdiyi, həm ATƏT PA Prezidenti, həm də TÜRKPA Baş katibi tərəfindən
vurğulanıb.
Öz növbəsində, ATƏT PA-nın Prezidenti cənab Pere Joan Pons
Sampietro səmimi qəbul üçün təşəkkür edib, TÜRKPA ilə əməkdaşlıqdan
məmnuniyyət duyduqlarını və qarşılıqlı dialoqa xidmət edən
demokratik dəyərlərin üstün tutulduğu parlament diplomatiyasının
inkişafı ilə bağlı həyata keçirilən proseslərdə TÜRKPA-nın bundan
sonrakı fəaliyyətinə də əllərindən gələn dəstəyi verəcəklərini
bildirib. Baş katib, öz növbəsində qarşılıqlı fəaliyyət və
layihələrdə birgə iştirakın çox vacib olduğunu vurğulayaraq bunun
ümumi maraqlara xidmət edən əsas amillərdən biri olduğunu da qeyd
edib.
Görüşdə ATƏT PA-nın vitse-prezidenti və Cənubi Qafqaz üzrə
xüsusi nümayəndəsi cənab Luís Graça, TÜRKPA Beynəlxalq
Katibliyindən isə Baş katibin müavinləri cənab Talqat Aduov və
cənab Muhammet Alper Hayali, eləcə də Komissiya katibi Aynurə
Abutalibova iştirak ediblər.

