Bakı İqlim Həftəsi iqlim keçidini sürətləndirəcək – Saymon Stil

Baş səhifə

Bakı. Trend:

Bakı İqlim Həftəsi regional liderliyi qlobal dinamika ilə
əlaqələndirərək iqlim keçidinin daha sürətli, ədalətli və daha çox
insan üçün faydalı olmasına töhfə verəcək.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi
Saymon Stil “Bakı İqlim Həftəsi 2026”nın açılış videomüraciətində
deyib.

S.Stil Azərbaycanın və iqlim fəaliyyətinin ruhunu yaşatmağa
töhfə verən bütün tərəfdaşların səylərini yüksək
qiymətləndirib.

“COP29 zamanı Azərbaycan ölkələrin iqlim maliyyələşməsi üzrə
mühüm irəliləyiş əldə etməsinə kömək etdi. 2035-ci ilədək hər il
300 milyard dollar həcmində yeni qlobal iqlim maliyyələşməsi
hədəfinin müəyyənləşdirilməsi, bütün tərəflərin iqlim
maliyyələşməsini 2035-ci ilədək illik ən azı 1,3 trilyon dollara
çatdırması çağırışı və bu məqsədə nail olmaq üçün Bakıdan Beləmə
yol xəritəsinin hazırlanmasına başlanılması mühüm addımlardır”, –
deyə o bildirib.

UNFCCC-nin icraçı katibi qeyd edib ki, maliyyə iqlim
fəaliyyətinin əsas hərəkətverici qüvvəsidir.

“Maliyyə planları layihələrə, layihə portfellərini elektrik
şəbəkələrinə, dayanıqlı infrastruktura, erkən xəbərdarlıq
sistemlərinə, daha təmiz nəqliyyata, daha dayanıqlı ərzaq
sistemlərinə və daha təhlükəsiz icmalara çevirir”, – S.Stil
vurğulayıb.

O bildirib ki, iqlim dəyişmələrinin təsirləri bütün dünyada
insanların həyatını təhdid edir.

“Şimali Afrikada rekord istilərdən Avropada görünməmiş meşə
yanğınlarına, Çilidə ölümcül fırtınalara qədər iqlim təsirləri
bütün dünyada insanların həyatını təhdid edir. Bu hadisələr
insanların həyatını və dolanışıq vasitələrini məhv edir,
infrastruktura zərər vurur, iqtisadi fəaliyyətləri pozur və
inflyasiyanı artırır”, – deyə o qeyd edib.

S.Stilin sözlərinə görə, bunun cavabı geri çəkilmək deyil,
liderlik, əməkdaşlıq və transformasiyadır.




“Qlobal enerji keçidi artıq sürətlənir. Təmiz enerjiyə
investisiyalar hazırda ildə 2 trilyon dolları ötür. Bərpa olunan
enerji mənbələri elektrik enerjisinin əsas mənbəyi kimi kömürü
geridə qoyub”, – o deyib.

O əlavə edib ki, iqlim fəaliyyətinin faydaları daha təhlükəsiz
enerji, daha təmiz hava, yeni iş yerləri, sağlam cəmiyyət və daha
yüksək dayanıqlılıq formasında özünü göstərir.

S.Stil qeyd edib ki, COP30-da bütün ölkələr enerji keçidinin
geri dönməz olduğunu və Paris Sazişinin işlədiyini bəyan
ediblər.

“Bakıdan Beləmə və ondan da irəliyə doğru bu öhdəliyi real
fəaliyyətə çevirməliyik. Fəaliyyət Gündəliyi hökumətləri biznes,
maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti ilə bir araya
gətirərək real iqtisadiyyatda dəyişiklikləri – elektrikləşmədən
şəhərlərə və ərzaq sistemlərinə qədər – sürətləndirə bilər”, – deyə
UNFCCC-nin icraçı katibi bildirib.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı
ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü
İqlim Həftəsi (CW4) keçirilir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət
nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə
institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin
nümayəndələri iştirak edir.

Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi
çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim
maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin
sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və
digər tədbirlər keçiriləcək.

Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal
rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində
beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə
verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir