Azərbaycanla Ermənistan arasında sülh mümkündür, lakin bunun üçün İrəvana siyasi iradə lazımdır – Həsən Həsənov “Tofiq Abbasovla dialoq” verilişində (FOTO/VİDEO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə eyni vaxtda həm
dövlət quruculuğu, həm də müharibə şəraitində mübarizə aparmalı və
ən ciddi beynəlxalq informasiya blokadasını dəf etməli olub.

Bunu Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi,
keçmiş Baş naziri və xarici işlər naziri Həsən Həsənov “Baku
Network”un “Tofiq Abbasovla dialoq” adlı analitik videolayihəsinin
yeni buraxılışında deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin bərpası
ölkənin müasir tarixinin ən mürəkkəb dövrlərindən birinə təsadüf
edib.

O qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan
beynəlxalq arenada da son dərəcə çətin vəziyyətdə idi. Bir çox
dövlət ölkədə baş verənlər barədə demək olar ki, təsəvvürə malik
deyildi, Ermənistan tərəfi isə artıq ciddi siyasi və informasiya
mövqelərinə sahib idi.

“Biz sıfırdan başlamamışıq, Azərbaycana mənfi, Ermənistana isə
müsbət münasibətin olduğu məqamdan başlamışdıq”, – deyə H.Həsənov
vurğulayıb.

O bildirib ki, BMT-nin baş katibi Butros Butros-Qaliyə
etimadnaməsini təqdim etdikdən cəmi iki gün sonra Şuşa işğal
olunub.

“Mənim hazırlaşmağa vaxtım olmadı. Artıq ikinci gün Şuşa
nümunəsində Azərbaycanın maraqlarını müdafiə etməli idim. Tamamilə
əlverişsiz şəraitdə informasiya blokadasını yarmaq lazım idi”, –
deyə o bildirib.

Ümummilli lider Heydər Əliyevin diplomatiya məktəbindən danışan
H.Həsənov onun ən mühüm keyfiyyətlərindən biri kimi strateji
qərarları çox qısa müddətdə qəbul etmək bacarığını qeyd edib.

“Heydər Əliyevin minlərlə müsbət xüsusiyyətini sadalamaq olar.
Lakin ən başlıcası qərarı bir anın içində qəbul etmək bacarığı
idi”, – deyə o vurğulayıb.

Keçmiş xarici işlər nazirinin sözlərinə görə, Heydər Əliyev
dəfələrlə Ermənistan tərəfinə münaqişənin həlli ilə bağlı kompromis
variantları təklif edib, lakin İrəvan bunları rədd edib.

“Hətta Ter-Petrosyan gələcəyi digər ermənilərdən daha yaxşı
görür və silahdaşlarına deyirdi: indi Azərbaycanın təklif
etdiklərini rədd edirsiniz, elə bir gün gələcək ki, buna görə
peşman olacaqsınız”, – deyə H.Həsənov bildirib.

O, Azərbaycanın Prezidenti İlham Əliyevin siyasətinə və dövlətin
ərazi bütövlüyünün bərpasına uzun illər ərzində hazırlıq prosesinə
xüsusi diqqət yetirib.

“2003-cü ildə Prezident İlham Əliyev andiçmə mərasimində dedi
ki, biz Qarabağı azad edəcəyik. O zaman o, sadəcə vəd vermirdi,
getmək lazım olan yolu bilirdi. Bilirdi ki, müharibə necə getsə də,
Şuşanın qayalıqlarında başa çatmalıdır”, – deyə H.Həsənov
bildirib.

H.Həsənov qeyd edib ki, məhz ardıcıllıq və praqmatizm Prezident
İlham Əliyevin siyasətinin əsas xüsusiyyətlərinə çevrilib.

“Siyasətçilər çox vaxt öz bəyanatları ilə kifayətlənirlər.
Prezident İlham Əliyev isə Qarabağ münaqişəsi problemini məhz
praqmatik yolla həll etdi”, – deyə keçmiş nazir bildirib.

Onun fikrincə, qələbədən sonra Azərbaycan da praqmatik yolu
seçdi – hərbi uğuru özlüyündə məqsədə çevirməmək, onun nəticəsini
siyasi baxımdan möhkəmləndirmək.

“Qələbə ilə öyünmək olmaz və buna ehtiyac yoxdur. Bu qələbəni
addım-addım möhkəmləndirmək, yaxın keçmişədək açıq düşmən olan ölkə
ilə münasibətlər qurmaq lazımdır”, – deyə H.Həsənov bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, tarixi yaddaş əbədi düşmənçilik
anlamına gəlməməlidir.

“Biz çəkdiyimiz dağıntıları, əhalimizin məcburi köçkün
vəziyyətinə düşməsini, minlərlə insanın öldürülməsini, minlərlə
taleyin məhv olmasını unutmayacağıq. Lakin bu, həmişə düşmənçilik
vəziyyətində olmalı olduğumuz anlamına gəlmir. Keçmişi unutmadan
gələcək həyatın yeni, düzgün xəttini qurmaq lazımdır”, – deyə o
bildirib.

H.Həsənov Azərbaycanla Ermənistan arasında sülhün mümkün
olduğuna əminliyini, lakin bunun üçün İrəvana siyasi iradə lazım
olduğunu ifadə edib.

Oxuculara verlişin tam videoyazısını təqdim edirik:

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir