Rusiya Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunu bağlayır

Baş səhifə

Bakı.Trend:

Rusiya Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunu
bağlayır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda
deyilir.

“Almaniya tərəfinin Bonnda Rusiyanın Baş konsulluğunun və
Berlindəki Rusiya Elm və Mədəniyyət Evinin bağlanması ilə bağlı
qeyri-dost addımlarına cavab olaraq, sentyabrın 7-də Almaniya
Federativ Respublikasının Rusiya Federasiyasındakı müvəqqəti işlər
vəkilinə aşağıdakı cavab tədbirlərinin görülməsi barədə məlumat
verilib. Rusiya tərəfi Almaniya Federativ Respublikasının
Sankt-Peterburqdakı Baş konsulluğunun fəaliyyət göstərməsinə
verdiyi razılığı geri götürür. Baş konsulluq fəaliyyətini ən geci
18 sentyabr 2026-cı ilədək dayandırmalı, bütün əməkdaşları isə
həmin tarixədək Rusiya Federasiyasının ərazisini tərk
etməlidirlər”, – deyə nazirlikdən bildirilib.




Bundan əlavə, Rusiyadakı Höte İnstitutunun mədəniyyət
mərkəzlərinin də “fəaliyyətini dayandırmalı” olduğu qeyd
edilib.

“Ezam olunmuş əməkdaşlarına 13 sentyabr 2026-cı ilədək Rusiyanı
tərk etmələri tapşırılıb. Diplomatik nümayəndəliyin rəhbərinə
Rusiya Xarici İşlər Nazirliyinin müvafiq notaları təqdim edilib.
Bildirilib ki, ikitərəfli münasibətlərdə növbəti eskalasiya
mərhələsini yenidən məhz Almaniya hakimiyyəti təhrik edib. Bunun
nəticələrinə görə bütün məsuliyyət tam şəkildə AFR hökumətinin
üzərinə düşür”, – deyə Rusiya XİN-dən bildirilib.

Qeyd edək ki, sentyabrın 1-də Almaniya Rusiyanın Bonndakı baş
konsulluğunun bağlanacağını və Berlindəki “Rusiya Evi”nin
fəaliyyətinin dayandırılacağını açıqlayıb. Bu qərar Almaniyanın bir
ay əvvəl Leypsiq hava limanında aşkarlanan partlayıcı ilə
doldurulmuş pilotsuz uçuş aparatı ilə əlaqəli olub. Almaniya
Rusiyanı bununla diversiya cəhdində ittiham edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir