
Bakı. Trend:
Fransa hökuməti Fransanın Dənizaşırı ərazilərinə səfər etmək
istəyən əcnəbilər üçün viza qaydalarını sərtləşdirir. Belə ki,
Fransa öz ərazisində tətbiq olunan Şengen viza rejimindən fərqli
olaraq, Dənizaşırı ərazilərə daha ağırlaşdırıcı giriş-çıxış və viza
qaydaları tətbiq edir.
Bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığı məlumatda qeyd
olunur.
Bildirilir ki, Fransa qanunvericiliyinə əsasən, Avropadan
kənarda yerləşən Dənizaşırı ərazilər — Qvadelup, Martinik, Fransız
Qvianası, Reyunyon, Mayot, Kanaki (Yeni Kaledoniya), Maohi Nui
(Fransız Polineziyası) və Uollis və Futuna Şengen zonasının
tərkibinə daxil deyil və Şengen vizasına malik olmaq, bir qayda
olaraq, bu ərazilərə giriş üçün etibarlı hesab edilmir. Bu səbəbdən
viza tələb olunan əcnəbilər Dənizaşırı ərazilərə səfər etmək üçün
ayrıca viza almalıdır.
Fransa Dənizaşırı ərazilərdə viza rejimini sərtləşdirməsi ilə bu
ərazilərdə törədilmiş müstəmləkə cinayətlərinin beynəlxalq
səviyyədə ifşa olunmasının qarşısını almağa çalışır. Müstəmləkə
ərazilərində yaşayan xalqların, yerli nümayəndələrin, media
mənsublarının, tədqiqatçıların, hüquq müdafiəçilərinin və digər
beynəlxalq iştirakçıların Dənizaşırı ərazilərə və həmin ərazilərdən
beynəlxalq platformalara çıxışını əlavə viza və inzibati
prosedurlardan asılı vəziyyətə salaraq, öz müstəmləkə cinayətləri
və onun bu günədək davam edən nəticələri barədə məlumatların dünya
ictimaiyyətinə çatdırılmasını çətinləşdirir.
Fransa bir tərəfdən bu əraziləri öz dövlət ərazisinin tərkib
hissəsi kimi sayır, digər tərəfdən isə bu ərazilərə giriş-çıxışı və
hərəkət rejimini “ayrıca hüquqi çərçivə” adı altında
məhdudlaşdıraraq materik Fransa ilə Dənizaşırı ərazilər arasında
inzibati fərqliliklər yaradır.
Eyni zamanda, əlavə viza və giriş prosedurları turistlərin,
investorların, sahibkarların, tədqiqatçıların və digər xarici
iqtisadi və ictimai aktorların Dənizaşırı ərazilərə çıxışını
çətinləşdirərək turizm gəlirlərinin, investisiya axınlarının,
biznes əlaqələrinin və regional iqtisadi əməkdaşlığın
genişlənməsinə maneələr yaradır. Bu məhdudiyyətlər xüsusilə kiçik
və coğrafi baxımdan təcrid olunmuş iqtisadiyyatlar üçün xarici
bazarlara çıxış imkanlarını zəiflədərək onların regional iqtisadi
inteqrasiyasını məhdudlaşdırır. Nəticə etibarilə, Karib, Sakit
okean və Hind okeanı regionlarında yerləşən Fransanın Dənizaşırı
əraziləri öz coğrafi qonşuları ilə iqtisadi və ticarət əlaqələrinin
dərinləşdirilməsi imkanlarından məhrum olur, əvəzində isə materik
Fransadan maliyyə, ticarət və institusional asılılıqları daha da
güclənir.
Qeyd edək ki, Fransa hökuməti Bakı Təşəbbüs Qrupunun
əməkdaşlarına və onun xətti ilə Dənizaşırı ərazilərə səfər etmək
istəyən şəxslərə viza verməkdən imtina edir.

