
Bakı. Trend:
SİMA Rəqəmsal Həllər Platformasının yeni rəsmi maskotu – “Simi”
təqdim edilib. Brendin yeni siması kimi robotik sincab obrazı
seçilib.
Sincab təbiətdəki faydalı resursları toplayan, onları qoruyan
zəhmətkeş, çevik, pozitiv heyvan kimi tanınır. Bu xüsusiyyətlər isə
rəqəmsal dünyada məlumatların təhlükəsiz şəkildə qorunması və rahat
istifadəçi təcrübəsi ilə üst-üstə düşür.
“Simi” SİMA Platformasının 5 alt məhsulu üzrə kommunikasiya
kanallarında istifadə olunmaq üçün nəzərdə tutulub. Maskotun
hazırlanması xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsi
və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi məqsədilə həyata
keçirilib. Odur ki, SİMA-nın yeni vizual strategiyası rəqəmsal
xidmətləri hər kəs üçün daha sadə və əyləncəli yolla izah etməyi
hədəfləyir.
Qeyd edək ki, “Simi” tezliklə SİMA-nın bütün kommunikasiya
kanallarında və rəqəmsal interfeyslərində istifadə olunacaq. SİMA
platforması dostcanlı və sevimli görünüşə malik olan “Simi” ilə
texnologiyanı bütün istifadəçi kütlələri üçün daha anlaşılan və
səmimi göstərməyi hədəfləyir.
SİMA Rəqəmsal Həllər Platforması haqqında
“AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər
Platforması bulud və biometrik texnologiyalara əsaslanan rəqəmsal
ekosistemdir. Platforma “SİMA İmza”, “SİMA KYC”, “SİMA Access”, “SİMA Token” və “SİMA Pay” məhsulları vasitəsilə identifikasiya,
imzalama və ödəniş proseslərini tam rəqəmsallaşdırır. Sistem
vətəndaşlar, dövlət və özəl sektor üçün məsafədən rahat, çevik və
təhlükəsiz xidmət mühiti təmin edir. Ətraflı məlumat üçün: www.sima.az.

