
Xocalı. Trend:
Xocalıda fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” MMC-də
işçilərin sayının 200 nəfərə çatdırılması planlaşdırılır.
Bunu “Qarabağ Tekstil Evi” MMC-nin təsisçisi Rizvan Məhəmmədov
Trend-in Qarabağ
bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Qarabağ Tekstil Evi” 2024-cü ilin
oktyabrında Xankəndi şəhərində yaradılıb və 2026-cı il mayın 28-də
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə müəssisənin
Xocalı filialının açılışı olub.
“Hazırda müəssisədə 105 nəfər çalışır. Məqsədimiz işçi sayını
200 nəfərə çatdırmaqdır. Burada ev tekstili məhsulları, o cümlədən
yastıq, yorğan, döşək, yataq dəstləri və dəsmallar istehsal olunur.
Ümumilikdə 200-ə yaxın çeşiddə məhsul istehsal edilir. İllik
istehsal gücümüz 1 milyon ədədə çatır”, – deyə R.Məhəmmədov qeyd
edib.
O bildirib ki, gələcəkdə geyim istehsalına da başlanılması
planlaşdırılır:
“Geyim istehsalında 100 nəfərin çalışması nəzərdə tutulur. Qış
və yaz geyimləri, eləcə də xüsusi geyimlərin istehsalı ilə məşğul
olacağıq”.
Müəssisənin məhsullarının xarici bazarlara da ixrac edildiyini
deyən R.Məhəmmədov qeyd edib ki, məhsulların əsas hissəsi daxili
bazara yönəldilir.
“Məhsullarımız Gürcüstana və Moldovaya ixrac olunur. Bununla
belə, istehsalımızın 75 faizi daxili bazar üçün nəzərdə tutulub.
Daxili bazarın tələbatını ödəyirik, müştərilərimiz var və
məhsullarımız satılır. Daha çox məhsul istehsal etmək imkanımız
var”, – deyə o əlavə edib.
R.Məhəmmədovun sözlərinə görə, müəssisədə çalışanların böyük
hissəsi Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş
ərazilərə qayıdan vətəndaşlardır.
“İşçi heyətimiz Xocalı sakinləri, Xocalının kəndlərindən və
Ağdam rayonunun kəndlərindən olan soydaşlarımızdan ibarətdir”, –
deyə müəssisə rəhbəri bildirib.

