
Bakı. Trend:
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi
Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir
Budaqov ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK)
üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysinin
rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə Yeni Azərbaycan Partiyasından məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq
Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si
Cinpinin məqsədyönlü siyasəti nəticəsində iki ölkə arasında
münasibətlərin dostluq və hərtərəfli strateji tərəfdaşlıq
müstəvisində uğurla inkişaf etdiyi vurğulanıb.
Konstruktiv siyasi dialoq şəraitində iqtisadi-ticari,
nəqliyyat-logistika, təhsil, turizm, mədəni, humanitar, rəqəmsal
texnologiyalar, “yaşıl enerji” və digər sahələrdə əlaqələrin daha
da genişləndiyi qeyd olunub.
Hər iki ölkənin qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış etdiyi
qeyd olunaraq “Bir kəmər, bir yol” və Zəngəzur dəhlizi
layihələrinin geostrateji əhəmiyyəti və perspektivləri diqqətə
çatdırılıb.
Çinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin
inkişafına dəstək göstərməsinin səmimi dostluq və tərəfdaşlıq
nümunəsi olduğu bildirilib.
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının təkcə iki
ölkə arasında münasibətlərin inkişafı ilə əlamətdar olmadığı, eyni
zamanda, Qlobal Cənubda əməkdaşlığın təşviqi baxımından olduqca
mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Beynəlxalq hüquq normalarına əsaslanan müstəqil siyasət yürüdən,
separatizmin bütün forma və təzahürlərini pisləyən hər iki ölkənin
bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə
qətiyyətli dəstəyinin önəmi vurğulanıb.
Dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi YAP ilə
ÇKP arasında əlaqələrin inkişafının xüsusi diqqət mərkəzində olduğu
vurğulanıb. Qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin
partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin
dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çinə səfəri
çərçivəsində imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn
vəzifələrin uğurla yerinə yetirilməsinin ölkələrarası hərtərəfli
strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə
önəmli töhfələr verdiyi bildirilib.
2026-cı il 11-15 may tarixində YAP nümayəndə heyətinin dost
ölkəyə səfəri çərçivəsində tərəflər arasında keçirilən görüşlər
məmnunluqla xatırlanaraq əməkdaşlığın dərinləşdirilməsinə
hədəflənən qarşılıqlı səfərlərin davamlı xarakter daşıyacağına və
birgə fəaliyyət nəticəsində bundan sonra da ardıcıl nailiyyətlərin
qazanılacağına əminlik ifadə olunub.
Gənclərin ictimai-siyasi həyatda, eləcə də dövlət idarəçiliyində
və partiya fəaliyyətində aktiv iştirakının önəminə toxunularaq bu
sahədə ixtisaslaşmış təhsil müəssisələri arasında işbirliyinin
önəmi qeyd olunub.
Görüşdə partiyalararası əməkdaşlığın gələcək istiqamətləri və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

