Bakı. Trend:
Azərbaycanda heyvandarlıq sahəsinin inkişafının təşviqi, yerli
ət istehsalının artırılması və fermerlərin dəstəklənməsi məqsədilə
yeni subsidiya mexanizmləri müəyyənləşdirilib.
Yeni mexanizmin heyvandarlığın inkişafına mümkün təsiri,
subsidiya məbləğlərinin fermerlərin real xərcləri ilə nə dərəcədə
uzlaşması, müəyyən edilmiş meyarların kiçik və orta təsərrüfatlar
üçün əlçatanlığı və nəticədə ət bazarına mümkün təsirləri müzakirə
olunan əsas məsələlər sırasındadır. Bəs yeni subsidiya modeli
fermerlər üçün nə dərəcədə səmərəli olacaq və qarşıya qoyulan
məqsədlərə çatmağa imkan verəcək?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert
Cəfər İbrahimli bildirib ki, ölkədə xırdabuynuzlu heyvanların baş
sayının azalmasının əsas səbəblərindən biri örüş və otlaq
sahələrinin, eləcə də həmin ərazilərdə ot örtüyünün vəziyyətinin
qənaətbəxş olmamasıdır.
Onun sözlərinə görə, yeni subsidiya mexanizmində bu problemin
həlli istiqamətində addımların nəzərdə tutulması müsbət
yanaşmadır:
“Ölkəmizdə xırdabuynuzlu heyvanların baş sayının azalmasının
əsas səbəblərindən biri örüş-otlaq vəziyyətinin yaxşı olmaması, ot
örtüyünün və otlaq sahələrinin keyfiyyətli olmamasıdır. Düzdür,
subsidiya tətbiqi ilə bu problemin həlli istiqamətində addım
atılması nəzərdə tutulub. Mən bunu subsidiyalaşmanın yeni mərhələsi
kimi görürəm. Hazırda bu, daha çox intensiv heyvandarlıq
təsərrüfatları üçün nəzərdə tutulub”.
C.İbrahimli hesab edir ki, subsidiya mexanizminin ilkin
mərhələdə daha böyük təsərrüfatlardan başlanması müəyyən mənada
doğru qərardır. Ekspert bunu kiçik və ailə təsərrüfatlarında
heyvanların uçotu və qeydiyyatı prosesinin daha çətin olması ilə
əlaqələndirib.
“Heyvanların uçotu, qeydiyyatı və digər məsələləri ən xırda
təsərrüfatlarda, məsələn, 5-10 heyvan saxlayan ailə
təsərrüfatlarında həyata keçirmək bir qədər çətindir. Ona görə də
ilkin olaraq böyük təsərrüfatlardan başlanılması müəyyən qədər
doğru qərardır. Bunun pilot kimi effekti yoxlanıldıqdan sonra yəqin
ki, daha az baş sayında heyvan saxlayan təsərrüfatlarla bağlı
məsələyə də baxılacaq”, – ekspert bildirib.
Bununla yanaşı, C.İbrahimli fermerlərin üzərinə qoyulan örüş və
otlaq ərazilərində biomüxtəlifliyin qorunması və ot örtüyünün
yaxşılaşdırılması ilə bağlı tələblərin praktiki icrasına şübhə ilə
yanaşır. Onun fikrincə, bu istiqamətdə görüləcək işlər ayrı-ayrı
fermerlərin imkanlarından daha genişmiqyaslı və kompleks tədbirlər
tələb edir.
“Fermerlərin biomüxtəlifliyin qorunması və otlaq ərazilərinin
vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirləri həyata keçirə
biləcəyinə, açıqcası, çox inanmıram. Ot örtüyünün yaxşılaşdırılması
ilə bağlı tədbirlər böyük əraziləri əhatə edən kompleks
tədbirlərdir. Örüş və otlaq ərazilərinin dövlətə məxsus olduğunu,
onların böyük hissəsinin fermerlərə uzunmüddətli icarəyə
verildiyini nəzərə alsaq, düşünürəm ki, bu iş vahid dövlət tədbiri
kimi aparılsaydı, daha effektiv olardı. Ərazilər seçilərək işlər
mərhələli şəkildə həyata keçirilə bilərdi”, – ekspert
vurğulayıb.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, yeni subsidiya
mexanizmində xırdabuynuzlu heyvandarlığın əsas problemlərindən
birinin həllinə cəhd göstərilməsi müsbət məqamdır. Ekspert hesab
edir ki, mexanizmin real nəticələrini qiymətləndirmək üçün müəyyən
müddət tələb olunacaq:
“Ümumilikdə xırdabuynuzlu heyvandarlıq üçün vacib problemin
həlli istiqamətində addım atılmağa çalışılıb. İndi bir-iki il
gözləyib nəticəsini yoxlamaq lazım olacaq”.
İribuynuzlu heyvanların diri çəkisinə görə nəzərdə tutulan
subsidiyaya toxunan C.İbrahimli bildirib ki, 600 kiloqramlıq çəki
göstəricisi də əsasən iri və intensiv heyvandarlıq təsərrüfatlarına
uyğundur.
“Burada da böyük intensiv təsərrüfatların nəzərdə tutulduğu hiss
olunur. 600 kiloqram çəkiyə intensiv şəkildə bəslənən xüsusi cins
heyvanlar çata bilir. Hazırda böyük təsərrüfatların əksəriyyətində
heyvanlar qeydiyyatdadır. Damazlıq təsərrüfatlarda yetişdirilən
heyvanlar, kiçik və böyük kökəltmə müəssisələri var. Bu baxımdan
prosesə buradan başlanılması daha rahatdır”, – o qeyd edib.
Bununla belə, ekspert 600 kiloqram və daha yüksək diri çəkiyə
malik iribuynuzlu heyvanlara subsidiya verilməsinin ölkədə ət
istehsalının artırılmasına ciddi təsir göstərəcəyinə şübhə ilə
yanaşır.
“Mən iribuynuzlu heyvanların 600 kiloqram çəki üzərindən
subsidiyalaşdırılmasının ət istehsalının artırılması baxımından çox
real nəticə verəcəyi qənaətində deyiləm. Böyükbaş heyvanlar onsuz
da balaca yaşda və az çəkidə kəsilmir. Normal kökəltmə səviyyəsinə
gəlməmiş heyvanı bazarda satmaq mümkün deyil, ətin keyfiyyəti də
aşağı olur. Fermer normal mənfəət əldə edə bilmədiyi üçün heyvanı
həmin yaşda kəsməz. Təsərrüfatı bilən insanlar bunu bilir”, –
C.İbrahimli bildirib.
Ekspertin sözlərinə görə, aşağı çəkidə və erkən yaşda kəsim
problemi daha çox xırdabuynuzlu heyvanlarda müşahidə olunur. Bu
səbəbdən həmin istiqamətdə ayrıca tədbirlərin nəzərdə tutulması
daha böyük effekt verə bilər:
“Daha çox xırdabuynuzlu heyvanlar az çəkidə və kiçik yaşda
kəsimə gedir. Xırdabuynuzlu heyvanlarla bağlı məsələyə bu
istiqamətdən də baxılsaydı, düşünürəm ki, bunun böyük effekti
olardı”.
C.İbrahimli əlavə edib ki, iribuynuzlu heyvanların baş sayının
və ət istehsalının artırılması baxımından südçülük və yüksək
məhsuldar damazlıq heyvanlarla bağlı nəzərdə tutulan digər
subsidiya mexanizmləri daha təsirli ola bilər.
“İribuynuzlu heyvanlarla bağlı südçülük təsərrüfatlarına süd
subsidiyasının verilməsi nəzərdə tutulur. Təxminən hər litr üçün 7
qəpik subsidiya nəzərdə tutulub. Əlavə olaraq intensiv, damazlıq,
yüksək məhsuldar, bala verən heyvanların saxlanılması üçün illik
təxminən 500 manat civarında vəsait ayrılacaq. Məncə, bu iki faktor
iribuynuzlu heyvanların baş sayının artmasına və ət istehsalının
artırılmasına daha çox dəstək verəcək”, – ekspert
yekunlaşdırıb.


