
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, düz bir saat davam edən telefon danışığı konstruktiv və kifayət qədər açıq şəraitdə keçib.
Tərəflər ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin 5-6 sentyabr tarixlərində Moskva və Kiyevə səfərlərinin nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Uşakov bildirib ki, Vladimir Putin söhbət zamanı Ukraynadakı hərbi əməliyyatların hazırkı vəziyyəti və Rusiyanın cəbhədəki perspektivləri barədə mövqeyini Donald Trampa çatdırıb.
Rusiya Prezidenti, həmçinin hərbi əməliyyatların daha tez başa çatmasına kömək etmək üçün ABŞ tərəfinin ata biləcəyi addımları qeyd edib.
Uşakovun sözlərinə görə, Putin Ukrayna münaqişəsinin həlli yollarının tapılması istiqamətində ABŞ tərəfinin və şəxsən Donald Trampın vasitəçilik səylərini müsbət qiymətləndirib.
“Ümumilikdə söhbət müsbət atmosferdə keçdi. Prezidentlər əlaqə saxlamaq və zərurət yarandıqda operativ şəkildə telefon danışığı aparmaq barədə razılığa gəliblər”, – deyə Uşakov bildirib.

