
Bakı. Trend:
“Yaşıl enerji”yə keçid geri dönüşü olmayan prosesdir.
Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu bp-nin Xəzər, Mərkəzi
Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli
bp və tərəfdaşlarının bərpa olunan enerji və enerji səmərəliliyi
sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədilə həyata
keçirdiyi yeni sosial sərmayə layihəsinin təqdimat mərasimində
deyib.
O, əvvəlcə bildirib ki, elektrik avtomobilləri ilə bağlı skeptik
yanaşmalardan biri onların istifadə etdiyi elektrik enerjisinin
istehsalında təbii qaz kimi xammallardan istifadə olunmasıdır.
“Elektrik avtomobillərindən istifadə ilə bağlı skeptik
düşüncələrdən biri onların istifadə etdiyi elektrikin istehsalında
təbii qaz kimi xammallardan yararlanılmasıdır. Lakin ənənəvi
daxiliyanma mühərrikli avtomobillərin tullantıları ilə elektrik
enerjisi istehsalında təbii qazdan istifadə nəticəsində yaranan
tullantıların müqayisəsi göstərir ki, aradakı fərq dəfələrlə
azdır”, – deyə B. Aslanbəyli bildirib.
O qeyd edib ki, analoji vəziyyət binaların və mənzillərin
qızdırılmasında da müşahidə olunur.
“Evdə birbaşa qaz yandırılması nəticəsində yaranan tullantılarla
elektrik enerjisindən istifadə zamanı yaranan tullantılar arasında,
hətta həmin elektrik enerjisi fosil yanacaqdan əldə edilsə belə,
dəfələrlə fərq var. Bu fakt yaşıl enerjiyə keçidin qaçılmaz və geri
dönüşü olmayan bir yol olduğunu göstərir”, – deyə bp-nin
vitse-prezidenti vurğulayıb.
B. Aslanbəyli bildirib ki, enerji keçidi prosesində ölkənin
insan kapitalının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
“Keçidin nə vaxt baş verməsindən asılı olmayaraq, bu sahədə
ixtisaslaşmış insan kapitalının, bilik, bacarıq və təcrübənin
formalaşdırılması enerji sektorunun strategiyasının və ölkənin
strateji təhlükəsizlik maraqlarının bir hissəsidir”, – deyə o qeyd
edib.
Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sektorunda əldə
etdiyi tarixi təcrübə bərpa olunan enerji sahəsində kadr
hazırlığının əvvəlcədən planlaşdırılmasının vacibliyini
göstərir.
“1994-cü ildən sonra yeni neft strategiyası icra olunmağa
başlayanda müasir texnologiyalarla tanış olan yerli
mütəxəssislərimiz kifayət qədər deyildi və kənardan mütəxəssislər
cəlb etmək məcburiyyətində qalırdıq. Bərpa olunan enerji sahəsində
analoji vəziyyətlə qarşılaşmamaq üçün kadr potensialı vaxtında və
məqsədyönlü şəkildə planlaşdırılmalıdır”, – B. Aslanbəyli
deyib.
O bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji
Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən təlimlər yerli
bacarıqları beynəlxalq təcrübə ilə birləşdirir.
“Bu təlimlərə “Renewables Academy” (RENAC) kimi təcrübəli
beynəlxalq qurumlar cəlb olunur. Məqsəd yerli təlimçilər
formalaşdırmaq, beynəlxalq bilikləri ölkə daxilində yaymaq və
RENAC-ın birgə sertifikasiyası ilə proqramı davam etdirməkdir”, –
deyə o vurğulayıb.
B. Aslanbəyli bərpa olunan enerji və kadr hazırlığı
istiqamətində həyata keçirilən digər layihələr barədə də məlumat
verib.
O qeyd edib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) Bərpa Olunan Enerji Mərkəzi yaradılıb. bp və Elm və Təhsil
Nazirliyinin dəstəyi ilə Böyük Britaniyanın Uorvik Universiteti ilə
ADNSU arasında magistratura səviyyəsində ikili diplom proqramı
həyata keçirilir.
“Bu proqram üzrə artıq bir buraxılış olub və gələcəkdə də qəbul
davam etdiriləcək”, – deyə B. Aslanbəyli bildirib.
Onun sözlərinə görə, peşə təhsili istiqamətində də mühüm işlər
görülür.
“Partnyorlarla birlikdə iki peşə məktəbində günəş və külək
enerjisi üzrə hazırlanan yeni kurikulumlara dəstək məqsədilə
emalatxanalar formalaşdırılıb”, – deyə o qeyd edib.
B. Aslanbəyli həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə
Azərbaycan dilində ilk “Bərpa olunan enerjiyə giriş” dərsliyinin
hazırlandığını və ictimaiyyətə təqdim edildiyini bildirib.
Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin nəzdində enerji
saxlanc sistemləri və bərpa olunan enerji ilə bağlı yeni
laboratoriyanın yaradılması layihəsinə də başlanılıb.
“Ənənəvi neft-qaz və enerji şirkəti olaraq, şirkət daxilində də
enerji keçidini dəstəkləyən addımlar atılır.
Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən və növbəti 25-30
ildə də fəaliyyətini planlaşdıran bir qurum kimi, cəmiyyət
qarşısında korporativ məsuliyyət hiss edirik. Bərpa olunan enerji
sahəsində yeni nəsil mütəxəssislərin formalaşdırılması prioritet
hədəf olaraq qalır”, – deyə B. Aslanbəyli əlavə edib.

