
Bakı. Trend:
ABŞ administrasiyasının yüksəkrütbəli üzvləri prezident Donald
Trampla söhbətlərində İranla münaqişəni onun dövlət başçısı
vəzifəsindəki səlahiyyət müddəti bitənədək yekunlaşdırmağın mümkün
olmayacağını istisna etmirlər.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə
istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət
katibi Marko Rubio və administrasiyanın digər nümayəndələri Ağ evin
Oval kabinetində və Situasiya otağında keçirilən iclaslarda
prezidentin diqqətinə çatdırıblar ki, blokadaya və hərbi
əməliyyatlara baxmayaraq, Tehran Vaşinqtonun təzyiqlərinə müqavimət
göstərməkdə davam edə bilər. Nəticədə münaqişə hətta ABŞ-nin
növbəti prezidentinin 2029-cu ilin yanvarında keçiriləcək
inaqurasiyasından sonra da davam edə bilər. WSJ xatırladır ki,
Rubio və Vens Respublikaçılar Partiyasından potensial prezident
namizədləri hesab olunurlar. Nəşr qeyd edir ki, münaqişənin
uzanması ABŞ-nin hərbi resurslarına düşən yükün artması təhlükəsini
yaradır və 2028-ci il prezident seçkilərinin qızğın çağında qlobal
enerji bazarlarında uzunmüddətli fasilələrə gətirib çıxara
bilər.

