
Bakı. Trend:
Baş Prokurorluq Şəkidə istirahət mərkəzində 2 nəfərin ölməsi
faktı ilə bağlı detalları açıqlayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat
yayıb.
Sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən
“Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən
yıxılaraq həlak olması barədə Şəki rayon prokurorluğuna məlumat
daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü
Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun
Ceyhun oğlu “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat
sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz
qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə
təhlükəsizlik avadanlığı zədələnib.
Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində
vəfat edib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə
baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s.
ekspertizalar təyin edilib, eləcə də, digər zəruri istintaq
hərəkətləri həyata keçirilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan
səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq
aparılır.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, o cümlədən
başvermə səbəbləri və şəraiti, “Zipline” qurğularının texniki
vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu,
eləcə də ona hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün
halların müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri
həyata keçirilir.
Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən
hadisə ilə bağlı dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış təsəvvür
və çaşqınlıq yarada biləcək məlumatların yayılmasından, habelə
ibtidai istintaqın normal gedişinə və istintaq sirrinin qorunmasına
xələl gətirə biləcək məlumatların paylaşılmasından çəkinmələri
xahiş olunur.

