
Bakı. Trend:
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri
Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə
6,22 ABŞ dolları və ya 5,49 faiz artaraq bir barel üçün 119,54 ABŞ
dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında
bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,68 ABŞ dolları
və ya 5,17 faiz artaraq 115,55 ABŞ dolları təşkil edib.
“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə
müqayisədə 5,67 ABŞ dolları və ya 6,62 faiz artaraq bir barel üçün
91,27 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin
qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 6,05 ABŞ dolları və ya
5,29 faiz artaraq bir barel üçün 120,31 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta
qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
“Trading Economics”in məlumatına görə, cümə günü xam neftin
qiyməti bir barel üçün 103 dollara yaxınlaşıb və həftə ərzində
12%-dən çox artmağa hazırlaşır. Bildirilib ki, bu, iyulun
ortalarından bəri ən böyük həftəlik artım ola bilər. “Buna ABŞ və
İran arasında gərginləşən münaqişənin qlobal enerji təchizatında
uzunmüddətli fasilələrlə bağlı narahatlıqları artırması səbəb
olub.
Məlumata görə, ABŞ-nin yüksək vəzifəli rəsmiləri Prezident
Donald Trampa müharibənin onun 2029-cu ilin yanvarında başa çatacaq
prezidentlik müddətinin sonuna qədər davam edə biləcəyi barədə
xəbərdarlıq ediblər.
Eyni zamanda, İran liderlərinin artan iqtisadi xərclərə
baxmayaraq mübarizəni davam etdirməkdə qərarlı olduqları
bildirilir. Tehran münaqişəni ölkənin mövcudluğuna təhdid kimi
qiymətləndirir. İran rəsmiləri həmçinin bildirirlər ki, Tehran
raket imkanlarını bərpa edə bilib və Vaşinqton zərbələrini
genişləndirəcəyi təqdirdə ABŞ və Körfəz ölkələrinin obyektlərinə
hücumları daha da intensivləşdirə bilər.
Son iki həftə ərzində döyüşlər daha da şiddətlənib. ABŞ İranın
neft tankerlərini hədəfə alarkən, İran Fars körfəzində ABŞ hərbi
gəmilərinə və tankerlərinə, həmçinin qonşu ölkələrdəki Amerika
obyektlərinə raket zərbələri endirib”, – məlumatda qeyd edilib.

