
Bakı. Trend:
Avropada təbii qaz ehtiyatlarının son illərin ən aşağı
səviyyələrindən birinə enməsi və neft məhsullarının sürətlə
bahalaşması qarşıdakı qış mövsümündə enerji bazarlarında yeni
qiymət təzyiqi yarada bilər.
Rumıniyanın “Profit.ro” nəşrinin “Bloomberg”in təhlilinə
istinadla yaydığı məlumata görə, Avropada təbii qazın qiyməti
2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb. Qaz
anbarlarının doluluq səviyyəsi isə payızın ilk ayı üçün xüsusilə
aşağıdır.
Eyni zamanda, neft məhsulları bazarında xam neftlə müqayisədə
daha kəskin bahalaşma müşahidə olunur. “Brent” markalı neft yenidən
1 barrel üçün 100 dollar həddini keçdiyi halda, dizelin topdansatış
qiyməti 1 barrel üçün təxminən 200 dollara çatıb. Vergilər nəzərə
alındıqda istehlakçı üçün yekun xərc daha yüksək olur.
Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, bazarda
yaranmış gərginlik indiyədək strateji və kommersiya ehtiyatlarından
əlavə yanacaq və neft buraxılması hesabına müəyyən qədər
yumşaldılıb. Lakin mövcud ehtiyatların azalması qış aylarında
təkliflə bağlı riskləri artırır.
Qlobal dizel təklifindəki məhdudiyyətlərin əsas səbəbləri
sırasında emal güclərinin yetərsizliyi, Rusiya neft məhsullarının
ixracına qoyulan məhdudiyyətlər və qış mövsümü yaxınlaşdıqca
tələbin artması göstərilir. Yaxın Şərqdə davam edən geosiyasi
gərginlik də enerji daşımaları və emal sektoruna əlavə təzyiq
yaradır.
“Vitol” şirkətinin rəhbəri Rassell Hardinin qiymətləndirməsinə
görə, bazarda neft məhsulları çatışmazlığı xam neft
çatışmazlığından daha kəskin hiss olunur. Emal güclərinin mövcud
itkiləri kompensasiya etmək üçün kifayət etməməsi dünya üzrə hazır
məhsul ehtiyatlarının azalmasına gətirib çıxarır.
Bahalaşmanın Rumıniya bazarına təsiri də artıq hiss olunur.
“Profit.ro”nun məlumatına görə, ölkənin aparıcı yanacaqdoldurma
şəbəkələri sentyabrın 11-də qiymətləri yenidən artırıb. OMV
stansiyalarında dizelin 1 litri 10,43, benzinin 1 litri isə 9,97
leyə çatıb.
Rumıniyada yanacaq aksizinin müvəqqəti azaldılması qiymət
artımını müəyyən qədər məhdudlaşdırır. “Profit.ro” hesablayır ki,
hazırkı güzəşt tətbiq edilməsəydi, bir sıra şəbəkələrdə dizelin
qiyməti 11 ley həddini keçə bilərdi.
Enerjinin qiymətlərinin uzun müddət yüksək qalması Avropada
inflyasiya və faiz dərəcələri üçün də əlavə risk yaradır. Enerji və
nəqliyyat xərclərinin istehlak qiymətlərinə ötürülməsi mərkəzi
bankların pul-kredit siyasətinə təsir edə və iqtisadi artım tempini
zəiflədə bilər.

