
Bakı. Trend:
Braziliyanın bir neçə şəhərində bazar günü oktyabrda keçiriləcək
seçkilərdə yeni müddətə namizədliyini irəli sürəcək solçu prezident
Luis İnasio Lula da Silvaya dəstək məqsədilə minlərlə insan nümayiş
keçirib.
Hakimiyyət Rio-de-Janeyro, Braziliya və San-Paulu şəhərlərində
keçirilən aksiyalarda iştirakçıların sayı barədə məlumat verməyib.
Paytaxtda Lulanın həyat yoldaşı Rozanjela “Janşa” da Silva yürüşə
başçılıq edib. Bu barədə hadisə yerində olan AFP jurnalistləri
məlumat veriblər.
Bu nümayişlər Lulanın əsas rəqibi, senator Flavio Bolsonaronun
korrupsiya və çirkli pulların yuyulması ilə bağlı istintaqa cəlb
edildiyi bir vaxtda keçirilib. Araşdırma onun atası, 2019–2022-ci
illərdə Braziliyanın ifrat sağçı prezidenti olmuş Jair Bolsonaro
haqqında “Dark Horse” filminin maliyyələşdirilməsi ilə
bağlıdır.
Rio-de-Janeyro və Braziliyada çoxlu sayda nümayişçi Lulanın
Əməkçilər Partiyasının qırmızı köynəklərini geyinərək yürüşə
qatılıb və üzərində “ifrat sağ çürüyüb və korrupsiyaya bulaşıb”
şüarı yazılmış plakatlar qaldırıblar. San-Pauluda isə yağış altında
daha kiçik mitinq keçirilib.
Prezident seçkilərinin ilk turu oktyabrın 4-də keçiriləcək.
İkinci turun oktyabrın 25-də baş tutacağı ehtimalı yüksək olduğu
üçün sorğularda 80 yaşında dördüncü prezidentlik müddətinə can atan
Lula ilə Flavio Bolsonaro arasında ciddi rəqabət var.

