
Bakı. Trend:
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava
gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla
tənzimlənəcək.
Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
bugünkü iclasında müzakirə olunan “Aviasiya haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, kommersiya hava daşımalarını həyata
keçirən təyyarələrdə hava gəmisi hheyətinin iş və istirahət vaxtı,
o cümlədən uçuş vaxtı və uçuş iş vaxtı aşağıdakı maddə nəzərə
alınmaqla “Aviasiya haqqında” Qanuna, Beynəlxalq Mülki Aviasiya
Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan
təcrübəsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq
tənzimləəcək.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava
gəmisi heyətinin iş və istirahət vaxtı ilə bağlı bu qanunda və onun
əsasında qəbul edilmiş normativ hüquqi aktlarda tənzimlənməyən
məsələlər Əmək Məcəlləsinin müvafiq normaları ilə
tənzimlənəcək.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə
hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında
müəyyənləşdiriləcək:
- istənilən 7 ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 14 ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 28 ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 1 təqvim ili ərzində maksimal iş saatı.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə
hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında
müəyyənləşdirilir:
- istənilən 28 ardıcıl gün ərzində maksimal uçuş saatı;
- istənilən 1 təqvim ili ərzində maksimal uçuş saatı;
- istənilən ardıcıl 12 təqvim ayı ərzində maksimal uçuş
saatı.
Layihədə bildirilib ki, Əmək Məcəlləsinə əsasən, gündəlik normal
iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz.
Uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı isə 36 saat
müəyyən edilib. Cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı
12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola
bilməz.
Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər
uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya
iqtisadi baxımdan səmərəsiz edərək onların rəqabət qabiliyyətini
zəiflədir.
Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin
yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində
beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub. Layihə ilə Əmək
Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq
aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki
Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər
Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif edilir. Beynəlxalq
təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş
və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili
üzrə daha çevik limitlərlə tənzimlənir.
Vurğulanıb ki, iqtisadi səmərəliliyin artması yerli
aviaşirkətlərin beynəlxalq bazarda rəqabət gücünü artıracaq və uçuş
xəritəsinin genişləndirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər
Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını
həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi
ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının
tənzimlənməsinə dair qaydalar da təsdiq ediləcək.

