
Bakı. Trend:
Zəngilan şəhərində 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma
işlərinin satın alınması üzrə müqavilə imzalanıb.
Bu barədə dövlət satınalmalarının vahid internet portalında
məlumat dərc edilib.
Məlumata görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti bununla bağlı satınalma prosedurunu
yekunlaşdırıb.
Qurum tikinti-quraşdırma işlərinin icrasını “Protean
Construction” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və
şirkətlə müvafiq müqavilə bağlayıb.
Müqavilənin ümumi dəyəri 26,597 milyon manat təşkil edir.
Zəngilan şəhərində yeni yaşayış məhəllələrinin yaradılması
işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin
edilməsi və müasir yaşayış məntəqələrinin qurulmasına yönəlmiş
genişmiqyaslı bərpa işlərinin tərkib hissəsidir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi
nümayəndəsi Vahid Hacıyev bir müddət əvvəl jurnalistlərə
açıqlamasında deyib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə
“ağıllı kəndlər”i dayanıqlı məskunlaşma prinsipləri əsasında
qurur.
V.Hacıyev qeyd edib ki, 2020-ci ildə ərazilərin işğaldan azad
edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı
bərpa-quruculuq işlərinə başlanılıb.
“İlk həyata keçirilən təşəbbüslərdən biri 2022–2026-cı illəri
əhatə edən Böyük Qayıdış Proqramı oldu. Bu proqram keçmiş məcburi
köçkünlərin dayanıqlı şəkildə geri qayıdışını təmin etmək məqsədilə
çoxsaylı tədbir və hədəfləri özündə birləşdirir”, – deyə o
bildirib.
Onun sözlərinə görə, proqram çərçivəsində yaşayış evlərinin
tikintisi, ərazilərin inkişafı, avtomobil və dəmir yollarının,
eləcə də digər zəruri infrastrukturun qurulması, həmçinin regionda
investisiya imkanlarının yaradılması əsas prioritetlər
sırasındadır.
“Məqsədimiz yalnız evlərin yenidən qurulması deyil, keçmiş
məcburi köçkünlərin ləyaqətli və uzunmüddətli inamla geri qayıda
biləcəyi təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar
yaratmaqdır”, – deyə V.Hacıyev vurğulayıb.
O qeyd edib ki, artıq Ağalı, Məmmədbəyli və Horovlu kəndləri
kimi layihələr həyata keçirilib.
“Bu kəndlər işğal dövründə tamamilə dağıdılmışdı. Hazırda isə
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə yeni dizaynlı
ağıllı şəhər və ağıllı kəndlər inşa olunur”, – deyə o bildirib.

