
Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tədris mövsümünün
başlaması ilə əlaqədar Bakı şəhərində sərnişindaşıma imkanlarının
artırılması istiqamətində tədbirləri genişləndirir. Nəticədə
sabahdan paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı
rekord həddə – 2530-ə çatdırılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı
məlumatda qeyd edilib.
Bildirilib ki, bu, son illərin ən yüksək göstəricisidir:
“Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində
sərnişindaşıma üçün 1780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü
ildə 2011-ə, 2024-cü ildə 2180-ə, 2025-ci ildə isə 2340-ə yüksəlib.
Beləliklə, cəmi 5 il ərzində paytaxtda xətlərə cəlb olunan
avtobusların sayı 750 ədəd və ya 42% artırılıb.
Bu il isə ilk dəfə olaraq Bakı marşrutlarında eyni vaxtda 2530
avtobusun istismarı təmin edilir. Ötən illə müqayisədə bu, 200-ə
yaxın avtobus artım deməkdir.
Avtobus sayındakı artım xüsusilə sərnişin tələbatının yüksəldiyi
tədris mövsümü ərəfəsində əhəmiyyətlidir. Bununla yanaşı, metro
xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində 8
ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.
Avtobus parkının həm say, həm də keyfiyyət baxımından
yenilənməsi istiqamətində işlər ilin sonuna qədər də davam
etdiriləcək. Bu il 29 sayda xətdə isə avtobuslar daha yeni və
müasir avtobuslarla əvəz edilib. Əlavə avtobusların gətirilməsi ilə
sərnişinlərin daha rahat, təhlükəsiz və keyfiyyətli ictimai
nəqliyyat xidmətləri ilə təmin olunması imkanları
genişləndiriləcək.
Bu il özəl və dövlət müəssisələri tərəfindən 308 sayda avtobus
gətirilib. Avtobusların artırılması davam etdirilir”.

