
Bakı.Trend:
Çin “Zhuque-2E” (ZQ-2E, “Çjuçüe-2-i”) kommersiya daşıyıcı
raketinin köməyi ilə 10 peyki uğurla orbitə çıxarıb.
Bu barədə raketin operatoru “LandSpace” şirkəti məlumat
yayıb.
Şirkətin “WeChat” səhifəsində yayılan məlumata görə, ZQ-2E
çərşənbə axşamı Pekin vaxtı ilə saat 14:26-da (Bakı vaxtı ilə
10:26) Çinin şimalındakı Tsyütsüan kosmodromunun “Dunfen”
kommersiya meydançasından buraxılıb.
Raket “Shanghai Yuanxin Satellite Technology” şirkətinin
“SpaceSail” (“Çyianfan”) peyk qrupunun 19-cu dəstini orbitə
çıxarıb.
Qeyd olunur ki, bu buraxılış zamanı ZQ-2 seriyalı raket ilk dəfə
peyk interneti üçün genişmiqyaslı şəbəkənin yaradılması üzrə
missiyanı həyata keçirib. “LandSpace” şirkəti artıq raketin
təkmilləşdirilmiş versiyasının “müntəzəm kommersiya buraxılışlarını
təşkil edib”. Bundan əlavə, ZQ-3 seriyalı raketin təkrar istifadəsi
imkanlarının araşdırılması istiqamətində iş aparılır.

