
Bakı. Trend:
Silahlı Qüvvələrdə magistratura və rezidenturanı bitirən,
həmçinin doktoranturada təhsilini başa vuraraq elmi dərəcə alan
zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılacaq.
Bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Hərbi
vəzifə və hərbi xidmət haqqında“ Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət
orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan
qurumların) sifarişi əsasında ali təhsil müəssisələrinin
magistratura (rezidentura) səviyyəsini müvəffəqiyyətlə bitirmiş,
habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq
elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti ali
təhsilin göstərilən səviyyələrinin hər biri üzrə bir dəfə olmaqla
bir il azaldılacaq.
Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə görə,
hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş
keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında,
hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail
olmuş, nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə
yetirən hərbi qulluqçulara həvəsləndirmə qaydasında vaxtından əvvəl
növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət
müddətinin ən azı yarısı keçdikdə (müharibə dövründə xidmət
müddətindən asılı olmayaraq) və ya əvvəlki hərbi rütbədə müəyyən
edilmiş xidmət müddəti bitdikdə onların tutduqları ştat vəzifələri
üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə
verilə bilər.
Zabitlərə həvəsləndirmə qaydasında polkovnik (1-ci dərəcəli
kapitan) hərbi rütbəsi də daxil olmaqla vaxtından əvvəl və ya
onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi
rütbədən bir pillə yuxarı hərbi rütbə bütün xidmət dövründə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən bir dəfə verilə bilər.
Fərmana əsasən, müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi
Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət
Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata
keçirirlər.

