
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və
“Brookfield” şirkəti arasında mövcud əməkdaşlığın inkişaf
etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması
ətrafında fikir mübadiləsi aparılıb.
Fonddan verilən məlumata görə, bu, ARDNF İcraçı direktoru
İsrafil Məmmədovun Kanadaya işgüzar səfəri çərçivəsində baş
tutub.
Səfər çərçivəsində o, 14–15 sentyabr tarixlərində Toronto
şəhərində keçirilən “Kanada İnvestisiya Sammiti 2026”da iştirak
edib və aparıcı institusional investorların rəhbərləri ilə bir sıra
görüşlər keçirib.
Kanadanın Baş naziri Mark Karninin ev sahibliyi, “Canada Pension
Plan Investment Board” (“CPP Investments”) və “Public Sector
Pension Investment Board” (“PSP Investments”) kimi qurumların
tərəfdaşlığı ilə təşkil olunan Sammit qlobal investorları, Kanada
şirkətlərinin rəhbərlərini və dövlət sektorunun nümayəndələrini bir
araya gətirib. Tədbirdə uzunmüddətli kapitalın səfərbər edilməsi,
yeni investisiya imkanlarının təşviqi, məhsuldar aktivlərə
investisiyaların artırılması, eləcə də iqtisadi artım və
dayanıqlılığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində İsrafil Məmmədov Kanadanın aparıcı
institusional investorlarının rəhbərləri – “Canada Development
Investment Corporation”ın (CDEV) Prezidenti və baş icraçı direktoru
Elizabet Ueydeman, “CPP Investments”in Prezidenti və baş icraçı
direktoru Con Qrem, “PSP Investments”in baş investisiya direktoru
Patrik Şarbonno, eləcə də Kanada İnkişaf Fondunun Prezidenti və baş
icraçı direktoru Yannik Boduen ilə görüşlər keçirib. Görüşlərdə
Kanadanın investisiya mühiti, qlobal bazarlarda formalaşan yeni
investisiya istiqamətləri, dövlət və özəl kapitalın strateji
layihələrə cəlb edilməsi, eləcə də enerji keçidi və infrastruktur
sahələrində investisiya perspektivləri ətrafında fikir mübadiləsi
aparılıb.
İşgüzar səfər zamanı dövlət rəsmiləri ilə də bir sıra görüşlər
keçirilib. Ontario əyalətinin Baş naziri Duq Ford və Ontario
əyalətinin maliyyə naziri Piter Betlenfalvi ilə görüşlərdə regionun
investisiya mühiti, prioritet iqtisadi sahələr və beynəlxalq
investorlar üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi
aparılıb.
İndoneziyanın İqtisadi Məsələlər üzrə Əlaqələndirici naziri
Airlanqqa Hartarto ilə görüşdə isə iki ölkə arasında iqtisadi və
investisiya əlaqələrinin inkişaf perspektivləri, eləcə də
qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanları müzakirə
olunub.
İsrafil Məmmədov, həmçinin, “Brookfield” şirkətinin Direktorlar
Şurasının sədri və “Toronto-Dominion Bank”ın sədr müavini Frenk
MakKenna, eləcə də “Brookfield”in baş icraçı direktoru Brüs Flətt
ilə görüşüb. Görüşlərdə qlobal özəl bazarlarda mövcud investisiya
mühiti, real aktivlərə kapital qoyuluşu, xüsusilə infrastruktur və
enerji sahələrində uzunmüddətli investisiya imkanları müzakirə
olunub. Bununla yanaşı, tərəflər rəqəmsallaşma və artan enerji
tələbatının qlobal investisiya bazarlarına təsiri, eləcə də ARDNF
ilə “Brookfield” arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi
və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında
fikir mübadiləsi aparıblar.
Yaponiya Dövlət Pensiya İnvestisiya Fondu (“GPIF”) və
Malayziyanın İşçilərin Təminat Fondu (EPF/KWSP) ilə keçirilən
görüşlərdə qlobal maliyyə bazarlarının perspektivləri, portfelin
şaxələndirilməsi, eləcə də iri institusional investorların
investisiya strategiyalarına dair yanaşmaları ətrafında fikir
mübadiləsi aparılıb.

