
Bakı.Trend:
Cari ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft
kəməri ilə nəql olunan neftin həcmi 16,746 milyon ton təşkil
edib.
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin saytında dərc
olunan hesabatda bildirilib.
Trend-in Dövlət
Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara
görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,611
milyon ton və ya 8,8 faiz azdır.
Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında BTC ilə 18,357
milyon ton neft nəql edilib.
Ümumilikdə, hesabat dövründə BTC ilə nəql olunan neftin 81,9
faizini (13 milyon 717 min ton) Azərbaycanda hasil edilən neft,
18,1 faizini (3 milyon 28,5 min ton) isə Türkmənistan və
Qazaxıstandan daxil olan neft təşkil edib.
bp-nin son məlumatlarına görə, 2006-cı ilin iyununda istismara
verildiyi vaxtdan 2026-cı ilin iyunun sonunadək uzunluğu 1 768
kilometr olan neft kəməri ilə 4,7 milyard bareldən çox neft nəql
edilib.
Hazırda kəmərlə əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar
blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan
kondensat nəql edilir. Bundan əlavə, kəmərlə Qazaxıstan və
Türkmənistandan daxil olan xammal da daxil olmaqla, əlavə həcmdə
Xəzər nefti və kondensatı, həmçinin SOCAR-ın Azərbaycanda hasil
etdiyi digər neft həcmləri nəql olunmaqda davam edir.
BTC Co.-da iştirak paylarının bölgüsü aşağıdakı kimidir:
SOCAR – 32,97 faiz, bp – 30,10 faiz, MOL – 8,90 faiz, TPAO –
6,53 faiz, Eni – 5 faiz, TotalEnergies – 5 faiz, ITOCHU – 3,40
faiz, ONGC Videsh – 3,10 faiz, ExxonMobil – 2,50 faiz, INPEX – 2,50
faiz.

