Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır (VIDEO)

Baş səhifə

Bakı. Trend:

18-20 sentyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək I Türk
Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası
Bəstəkarlar Birliyi yaradılacaq.

Qurultay XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı
çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türk
Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO Bakı Regional Ofisi,
Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli
Konservatoriyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Qurultay Birinci Türkoloji Qurultayının 100 illiyinə, Nizami
Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr
olunub. Qurultayda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə,
Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi dünyasının tanınmış
nümayəndələri iştirak edəcəklər. Qurultayın zəngin proqramı
müxtəlif görüşləri, elmi müzakirələri və musiqi tədbirlərini əhatə
edəcək.




Üç gün ərzində bir sıra iclaslar, beynəlxalq səviyyəli dəyirmi
masa, tematik sərgilər, həmçinin simfonik, kamera və ənənəvi musiqi
konsertləri keçiriləcək. Qurultayın əsas nəticələrindən biri türk
dünyasının bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını və
aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirəcək
Türk Dünyası Bəstəkarlar Birliyinin – Turkic Union of Composers
(TUC) yaradılması olacaq.

19 sentyabr tarixində Türk Mədəniyyəti və İrsi Fondunun baş
qərargahında Türk Dünyası Bəstəkarlar Birliyinin ilk rəsmi iclası
keçiriləcək. İclas çərçivəsində TUC-un yaradılması haqqında Bakı
Bəyannaməsinin imzalanması, həmçinin yeni beynəlxalq peşəkar
platformanın Nizamnamə layihəsinin müzakirəsi nəzərdə tutulur.
Birliyin yaradılması türk dünyası ölkələrinin musiqi quruluşları
arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm
addım olacaq. Ümumi musiqi irsinin qorunması və inkişaf
etdirilməsi, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsi,
yaradıcılıq mübadiləsinin təşviqi və türk dünyası musiqisinin
beynəlxalq səhnədə təbliği xüsusi diqqət mərkəzində olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir