“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib

Baş səhifə

Bakı. Trend:

“Norm” ASC 2025-ci il üzrə audit olunmuş maliyyə nəticələrini
açıqlayıb. Sözügedən ildə ölkədə sement bazarının 3,5% kiçilməsinə
baxmayaraq, şirkətin satışdan gəliri əvvəlki illə nisbətdə
6,8% artaraq rekord həddə – 272,9 milyon manata,
ümumi mənfəət 2,1% artaraq 132,2 milyon manata
çatıb.

Şirkətin əməliyyat mənfəəti 80,1 milyon manat,
vergiyə qədər mənfəəti 66,4 milyon manat, mənfəət
vergisi 16,6 milyon manat təşkil edib. Gəlir
artımına şirkətin yeni biznes istiqamətləri də təsir edib. Belə ki,
beton məhsullarının satışına görə əldə edilən gəlir 1,1 milyon
manatdan 7,2 milyon manata yüksəlib, Storm brendi
altında sement əsaslı quru qarışıqlar isə şirkətə ilk ildə
1,3 milyon manat gəlir gətirib. Hesabat ilində
şirkət tərəfindən klinker məhsulunun Gürcüstana ixracı davam
etdirilib, Türkmənistan və Özbəkistana isə quyu-tamponaj sementinin
satışı həyata keçirilib. Beləliklə, 2025-ci ildə də Norm
Azərbaycanın sement sənayesində aparıcı mövqeyini qoruyub saxlayıb.
Şirkətin CEO-su Henning Sasse qeyd edib:

“Norm Sement zavodunun klinker istehsalı gücünü artıraraq,
gündəlik 6500 tona çatdırmışıq. Bundan başqa, 2023-cü illə
müqayisədə məhsulların keyfiyyət göstəriciləri qorunub
saxlanılmaqla, klinker əmsalını 5% optimallaşdırmışıq ki, bu da
bizə 76,000 ton klinkerə qənaət etməyə imkan yaradıb. Bu
optimallaşdırma sayəsində CO₂ emissiyasının 54,000 ton aşağı
salınmasına nail olmuşuq. Karbon ayaq izimizin azaldılmasını
Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol
Xəritəsinə uyğun şəkildə həyata keçiririk. İnşaat sektorunun
ehtiyaclarına cavab verərkən, fəaliyyətimizi dayanıqlı inkişafa
sadiqlik prinsipi üzərində qurmaq bizim üçün prioritetdir. Bu
yanaşmanı sement istehsalı ilə yanaşı Norm Beton brendi ilə beton
məhsullarının, Storm brendi ilə sement əsaslı quru qarışıqların
istehsalında da tətbiq edirik. Ötən ilin dekabrından etibarən isə
yeni brendimiz Norm Logistics müştərilərə nəqliyyat xidmətləri
göstərir və biz logistikada da ekoloji yanaşmanı qoruyub
saxlayırıq. Sement istehsalından digər inşaat materialları və
əlaqəli xidmət sahələrinə doğru fəaliyyətimizi genişləndirməklə,
regionun inşaat materialları istehsalçısına çevrilməyi qarşıya
məqsəd qoymuşuq.”




2025-ci il üzrə maliyyə göstəriciləri barədə məlumatın
açıqlanması zamanı şirkətin Maliyyə və Strategiya üzrə Baş direktor
müavini Elvin Mirzəyev əlavə edib: “2025-ci il, şirkət
strategiyasının real nəticələr hasil etdiyi il oldu. Belə ki,
tikinti materialları seqmentində strateji təşəbbüslərə 57 milyon
manata yaxın sərmayə qoyuldu. Sərmayəni həm istehsal fəaliyyətimiz,
həm də ehtiyatla strukturlaşdırılmış borc vəsaitləri hesabına təmin
etdik. Bu da, 2024-cü ildə qeydə alınmış yüksək mənfəət səviyyəsi
ilə müqayisədə 2025-ci ildə vergiyə qədər mənfəətin aşağı
düşməsinin başlıca səbəbidir.
Bu sərmayələr şirkətimizin
uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və
inşaat materialları istehsalçısına çevrilmək hədəfimizi
dəstəkləyir. Bununla belə, Norm ölkənin ən iri vergi
ödəyicilərindən biri olaraq qalır və eyni zamanda sosialyönümlü
layihələrə əhəmiyyətli resurs ayırmağa davam edir. 2025-ci ildə
şirkətin koporativ sosial məsuliyyət layihələrinə xərclədiyi vəsait
5,2 milyon manat təşkil edib.”

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir