
İsveçin Mötədil Koalisiya Partiyasının lideri Ulf Kristersson baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb. O, istefa məktubunu parlament sədrinə göndərib.
Modern.az xəbər verir ki, Kristersson istefa məktubunu “X” sosial platformasında yayımlayıb.
“İndi parlament sədri yeni hökumətin formalaşdırılması istiqamətində növbəti addımlara rəhbərlik etməlidir”, – deyə Kristersson yazıb.
Sentyabrın 13-də keçirilən parlament seçkilərinin yekun nəticələrinə görə, müxalifətdəki sol-mərkəzçi alyans – İsveç Sosial Demokrat Fəhlə Partiyası, Sol Partiya, Yaşıllar Partiyası və Mərkəz Partiyası – hakim sağ-mərkəzçi blokdan üstün olub.
Müxalifət alyansı 176 mandat, hakim bloku təşkil edən Mötədil Koalisiya Partiyası, Liberal Partiya, Xristian Demokrat Partiyası və İsveç Demokratları isə 173 mandat əldə edib. Beləliklə, 349 yerlik parlamentdə fərq 3 mandat təşkil edib.
Səs nisbətində də müxalifət bloku öndə olub. Yekun hesablamalara əsasən, sol-mərkəzçi blok 49,5 faiz, hakim blok isə təxminən 48,8 faiz səs toplayıb.
Kristerssonun istefasından sonra yeni hökumətin formalaşdırılması prosesinə parlament sədri rəhbərlik edəcək. İsveç parlamentinin məlumatına görə, baş naziri Riksdaq seçir və seçkinin nəticələrindən sonra yeni hökumətin formalaşdırılması prosesi başlayır.

