
Bakı. Trend:
İranın İsfahan vilayətində hərbi obyektlərin məlumatını İsrailin
xarici kəşfiyyat xidmətinə (Mossad) ötürmək ittihamı ilə Hüseyn
Pedran edam edilib.
Bu barədə İranın Məhkəmə Sisteminin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, sözügedən şəxs casusluq və israilin xeyrinə
kəşfiyyat əməkdaşlığı etdiyinə görə, saxlanılıb və mühakimə
edilib.
Qeyd olunub ki, ötən ilin iyun ayında ABŞ və İsrailin İrana 12
günlük hərbi hücumunda və bu il 28 fevraldan başlayaraq hərbi
hücumlarda İranın bəzi önəmli hərbi obyektləri vurulub. Müəyyən
edilib ki, bəzi obyektlər ölkədən bir qrupun əməkdaşlığı
nəticəsində hədəf alınıb.
İranın Məhkəmə Sistemi edam edilmiş şəxsin etirafına əsasən
bildirib ki, H.Pedran gəlir əldə etmək məqsədilə özünü ABŞ-nin
Mərkəzi Kəşfiyyat İdarəsinə İranda hərbi dairələrlə əlaqəsi olan və
əməkdaşlıq etməyə maraqlı şəxs kimi təqdim edib. Lakin heç bir
cavab almadıqdan sonra İsrailin xarici kəşfiyyat xidmətinə (Mossad)
müraciət edərək əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, ötən ildə 12 günlük müharibə və bu ildə 28
fevraldan başlayaraq ABŞ və İsrailin İrana hərbi hava hücumlarında
hərbi və nüvə obyektlərinə ciddi şəkildə ziyan dəyib.

