SOCAR-da insan kapitalına yatırımlar genişləndirilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) insan kapitalının
inkişafına yönəlmiş proqramları çərçivəsində əməkdaşların
beynəlxalq təhsil və təcrübə imkanlarının genişləndirilməsinə
xüsusi diqqət yetirilir.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu SOCAR-ın
vitse-prezidenti Zaur Qurbanov ADA Universitetində Liderlik və
İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında
çıxışı zamanı deyib.

O bildirib ki, SOCAR-ın dəstəyi ilə həyata keçirilən “Global
MBA” proqramının iştirakçıları arasında şirkətin 16 əməkdaşı və
rəqabətli seçim əsasında xarici bazardan seçilmiş 8 iştirakçı yer
alır.

“Proqram böyük maraqla qarşılandı; yüksək ixtisaslı
mütəxəssislərdən yüzlərlə müraciət daxil oldu. Bu yüksək maraq
səviyyəsi azərbaycanlı istedadların davamlı öyrənməyə, beynəlxalq
təcrübə qazanmağa, eləcə də öz təşkilatlarının və ölkəmizin
gələcəyinə töhfə vermək üçün lazım olan bilik və bacarıqları
inkişaf etdirməyə olan artan həvəsini əks etdirir”, – deyə
Z.Qurbanov bildirib.

Onun sözlərinə görə, iştirakçılar müəyyən edilmiş kvotalara
uyğun olaraq şəffaf və rəqabətli seçim prosesi əsasında
müəyyənləşdirilib.

Z.Qurbanov qeyd edib ki, təşəbbüsün əsas xüsusiyyətlərindən biri
Azərbaycanın biznes təcrübəsi ilə “IE University”nin akademik
imkanları və qlobal baxışının bir araya gətirilməsidir.

“Bugünkü mərasim SOCAR-ın insan kapitalının inkişafına
yanaşmasında mərkəzi yer tutan iki əsas prioriteti bir araya
gətirir: insanlara sərmayə qoymaq və mənalı beynəlxalq
tərəfdaşlıqlar qurmaq”, – deyə SOCAR vitse-prezidenti
vurğulayıb.

O bildirib ki, SOCAR 15-dən çox ölkəni əhatə edən fəaliyyət
coğrafiyası və 70 mindən çox əməkdaşı ilə transformasiya
prosesindən keçir.

“Biz sürətlə və sistemli şəkildə məlumatlara əsaslanan,
diversifikasiya olunmuş və inteqrasiya edilmiş regional enerji
şirkətinə çevrilirik. Gələcəyə yönəlmiş strateji baxışımız
innovasiyalara, yeni texnologiyalara, süni intellektə və yaşıl
enerjiyə keçid prosesinə olan dərin sadiqliyimizlə üst-üstə düşür”,
– deyə Z.Qurbanov bildirib.

Onun sözlərinə görə, bu transformasiya prosesində insan
kapitalının inkişafı əsas istiqamətlərdən biridir.

“SOCAR-da biz bu transformasiyaya kompleks bir ekosistem kimi
yanaşırıq. Ədalətli və insanmərkəzli keçid prinsiplərini rəhbər
tuturuq. Bu o deməkdir ki, innovasiyalar fonunda heç bir istedad
arxa planda qalmamalı, əksinə, hər bir gənc və hər bir əməkdaş bu
keçid prosesinin fəal iştirakçısına çevrilməlidir”, – deyə o qeyd
edib.

Z.Qurbanov SOCAR-ın beynəlxalq tərəfdaşlarla bilik və təcrübə
mübadiləsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi
layihələrdən də danışıb.

“Bu gün SOCAR aparıcı şirkətlər və fərdlərlə bilik transferi
ekosistemi inşa edir. Biz Almaniyanın GIZ təşkilatı ilə birgə
idarəetmə proqramları həyata keçirir, mədəniyyət və təhsil
mübadiləsi layihələri təşkil edirik. Yaponiyanın JCCCP təşkilatı
ilə texniki və idarəetmə sahələrində tərəfdaşlıq edərək, xüsusilə
qadın liderliyinin dəstəklənməsinə və inklüzivliyin təşviqinə
xüsusi diqqət yetiririk”, – deyə SOCAR vitse-prezidenti
bildirib.




O əlavə edib ki, Türkiyənin TPAO şirkəti ilə imzalanmış
memorandum çərçivəsində geologiya, qazma və digər mühəndislik
sahələrində birgə seminarlar keçirilir, peşə təhsili, təqaüd və
praktiki təcrübə proqramları həyata keçirilir.

“Bu addımlarla biz kadrlarımızı regionun ən böyük bilik və
istedad mərkəzlərindən birinə çeviririk”, – deyə Z.Qurbanov
vurğulayıb.

SOCAR vitse-prezidenti insan kapitalının inkişafına yönəlmiş
“Xaricdə Təhsil Təqaüd Proqramı”nın şirkət əməkdaşlarının peşəkar
inkişafına verdiyi töhfədən də danışıb.

Onun sözlərinə görə, proqram əməkdaşlara şirkətin strateji
baxışına və ehtiyaclarına uyğun prioritet sahələr üzrə aparıcı
beynəlxalq universitetlərdə ali təhsil almaq imkanı yaradır.

“Yaranandan bəri SOCAR bu proqram vasitəsilə beynəlxalq təhsilə
böyük investisiyalar yatırıb və 380 iştirakçını dəstəkləyib.
Bunların arasında “Chicago Booth”, “IMD”, “IE University” və
“Columbia Business School” kimi nüfuzlu təhsil müəssisələrində
“Executive MBA” proqramını bitirmiş və ya hazırda təhsil alan 18
rəhbər şəxs də var”, – deyə o bildirib.

Z.Qurbanov qeyd edib ki, proqramın məzunları artıq SOCAR-da və
bütövlükdə sənayedə rəhbər və məsul vəzifələrdə fəaliyyət
göstərirlər.

O bildirib ki, SOCAR-ın insan kapitalının inkişafına yönəlmiş
proqramları beynəlxalq səviyyədə də qiymətləndirilib.

“Bu il həmin proqram “Brandon Hall Group HCM Excellence Awards”
tərəfindən mükafata layiq görülmüşdür. Bu, dünya səviyyəli
istedadların yetişdirilməsinə və gələcəyimizi idarə edəcək
bacarıqlara investisiya qoyulmasına olan sadiqliyimizin növbəti
sübutudur”, – deyə SOCAR vitse-prezidenti vurğulayıb.

Z.Qurbanov qeyd edib ki, SOCAR aparıcı beynəlxalq təhsil
müəssisələri ilə əməkdaşlığı da genişləndirir.

“IMD”, “Klaus University”, “Sabancı University” və “Duke
University” kimi nüfuzlu qurumlarla beynəlxalq əməkdaşlıq liderlik,
idarəetmə, energetika və texniki təhsil sahələrinə qlobal təcrübə
və ən yaxşı praktikanı gətirir”, – deyə o bildirib.

SOCAR vitse-prezidenti Azərbaycan daxilində ali təhsil
ekosisteminin inkişafının da şirkətin prioritet istiqamətlərindən
biri olduğunu diqqətə çatdırıb.

“Eyni zamanda, SOCAR Azərbaycan daxilində də ali təhsil
ekosisteminin möhkəmləndirilməsinə xüsusi önəm verir. ADA
Universiteti, Qarabağ Universiteti və Sumqayıt Dövlət Universiteti
kimi regional təhsil müəssisələri ilə tərəfdaşlıq buna əyani
sübutdur. Bu əməkdaşlıqlar təhsil, tədqiqat, innovasiya və bilik
mübadiləsini dəstəkləyir, gənclərin öz bacarıqlarını inkişaf
etdirmələri və yaşadıqları regiona töhfə vermələri üçün geniş
imkanlar yaradır”, – deyə Z.Qurbanov əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir