PAŞA Holding və SOCAR-ın dəstəyi ilə IE Universitetinin “AZEMBA” təhsil proqramının açılışı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 21-də PAŞA Holding, SOCAR və İspaniyanın nüfuzlu IE
Universiteti ilə strateji tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi və
İqtisadiyyat Nazirliyinin dəstəyi çərçivəsində Bakıda Liderlik və
İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimi
keçirilib.

“AZEMBA” proqramı Azərbaycanda liderlik bacarıqlarının
inkişafına, insan kapitalının gücləndirilməsinə və beynəlxalq
təcrübənin ölkəyə gətirilməsinə töhfə verməyi hədəfləyir. Proqram
çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, süni intellekt,
dayanıqlı inkişaf, innovasiya, liderlik və müasir idarəetmə kimi
istiqamətlər üzrə beynəlxalq təcrübəyə əsaslanan təhsil alacaqlar.
“AZEMBA” proqramı azərbaycanlı peşəkarların qlobal akademik və
biznes ekosisteminə inteqrasiyasına, eləcə də ölkədə qabaqcıl
təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.

Açılış mərasimində çıxış edən PAŞA Holdingin Baş icraçı
direktoru Cəlal Qasımov bildirib:

“Bu proqramın ilk iştirakçı qrupunun təhsilə başlaması PAŞA
Holdingin insan fəlsəfəsi çərçivəsində həyata keçirdiyi insan
kapitalına uzunmüddətli investisiyanın növbəti mərhələsidir. Biz
inanırıq ki, gələcəyin iqtisadi və biznes mühiti yalnız texnologiya
və maliyyə kapitalı ilə deyil, dəyişiklikləri idarə edə bilən, yeni
yanaşmaları mənimsəyən və beynəlxalq təcrübəni yerli reallıqlarla
birləşdirə bilən liderlərlə formalaşır. Əminəm ki, “AZEMBA”
iştirakçıları əldə etdikləri bilik və təcrübədən istifadə etməklə
çalışdıqları təşkilatlarda yeni düşüncə və yanaşmaların
formalaşmasına, eyni zamanda ölkəmizin cəmiyyətinə və
iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verən peşəkarlar
olacaqlar.”

SOCAR-ın artıq ənənəvi neft-qaz şirkətindən sürətlə və sistemli
şəkildə şaxələndirilmiş və inteqrasiya olunmuş enerji şirkətinə
çevrildiyini söyləyən SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov
deyib:




““AZEMBA” proqramının real dəyəri yalnız məzunların sayı ilə
deyil, əldə olunan biliklərin, ideyaların və yeni baxışların daha
düzgün qərarlara, daha güclü komandalara və yeni təşəbbüslərə necə
çevrilməsi ilə ölçüləcək. Bizim gözləntimiz iştirakçıların sadəcə
MBA proqramını başa vuraraq diplom əldə etməsi deyil. Biz onların
yeni suallar, yeni baxışlar və mövcud iş üsullarına fərqli
yanaşmalarla geri qayıtmalarını gözləyirik. İnanırıq ki,
iştirakçılar öz təşkilatlarında biliklərin yayılmasına töhfə verən
şəxslərə və yeni nəsil liderliyin təmsilçilərinə
çevriləcəklər”.

Xatırladaq ki, ilk iştirakçı qrupunun proqram üzrə təhsilə
başlaması PAŞA Holding, SOCAR və IE Universiteti arasında 2026-cı
ilin aprelində imzalanmış strateji tərəfdaşlığın növbəti
mərhələsidir. Proqrama 850-dən çox müraciət daxil olub və seçim
prosesinin yekununda 40 nəfər ilk iştirakçı qrupuna qəbul
olunub.

Bu il fəaliyyətinin 20 illik yubileyini qeyd edən PAŞA Holding
bankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kənd
təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən ölkənin aparıcı
biznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyard
ABŞ dollarını aşan aktivləri ilə Holdingin beynəlxalq fəaliyyəti də
genişlənməkdədir. Hazırda PAŞA Holding Azərbaycan, Özbəkistan,
Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-də fəaliyyət göstərir.

SOCAR – baş ofisi Azərbaycanda yerləşən qlobal inteqrə olunmuş
enerji şirkətidir. Şirkət neft və qazın kəşfiyyatı və hasilatından
emal, neft-kimya, nəql, ticarət və paylanmaya qədər enerji dəyər
zəncirinin müxtəlif istiqamətlərində fəaliyyət göstərir. Geniş
beynəlxalq fəaliyyət coğrafiyasına malik SOCAR Azərbaycanın və
strateji tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməklə
yanaşı, dayanıqlı inkişafı təşviq edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir