
Bakı. Trend:
Şəmkirdə 2013-cü ildə törədilmiş qətlin üstü açılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına
görə, 2013-cü il avqustun 5-də Şəmkir şəhər sakini, 1967-ci il
təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi
amansızlıqla qətlə yetirilməsi faktı üzrə başlanmış cinayət işinin
istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam
etdirilib.
Birgə və koordinasiyalı şəkildə aparılan istintaq və
əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal
Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanı cib bıçağı ilə
çoxsaylı zərbələr endirərək öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Məlumata görə, X.Məmmədov daha sonra mənzildən 100 manat pul və
qızıl-zinət əşyaları götürərək hadisə yerindən uzaqlaşıb.
X.Məmmədov şübhəli şəxs qismində verdiyi ifadəsində cinayəti
törətdiyini etiraf edib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi
amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam
öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
olunub.
Şəmkir Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs
qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış
tədbirləri davam etdirilir.

