Si Cinpinin ABŞ-yə dövlət səfəri başlayıb

Baş səhifə

Bakı. Trend:

Çin Sədri Si Cinpinin ABŞ-yə üç günlük dövlət səfəri
başlayıb.

Çin lideri və xanımı Pen Liyuanı Vaşinqton yaxınlığındakı
Merilend ştatında yerləşən “Endryus” hərbi hava bazasında ABŞ
Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp
qarşılayıblar.

ABŞ Prezidentinin xarici lideri şəxsən hava limanında
qarşılaması nadir protokol addımı hesab olunur.

Ağ Evin açıqladığı proqrama əsasən, Si Cinpinin qarşılanma
mərasimindən sonra tərəflər arasında rəsmi danışıqlar nəzərdə
tutulmayıb. Səfərin əsas proqramı növbəti gün keçiriləcək.




Cümə axşamı Donald Tramp və Melaniya Tramp Çin Sədri və xanımını
Ağ Evdə rəsmi mərasimlə qarşılayacaqlar. Mərasim çərçivəsində
dövlət başçılarının çıxışları, Ağ Evin Gül bağında hərbi baxış,
həmçinin B-2 bombardmançı təyyarəsi və dörd F-22 qırıcısının
iştirakı ilə uçuş nümayişi keçiriləcək. Daha sonra Donald Tramp və
Si Cinpin qapalı görüş keçirəcəklər. Axşam isə Ağ Evin Şərq zalında
Çin liderinin şərəfinə dövlət ziyafəti təşkil olunacaq.

Danışıqların əsas diqqət mərkəzində ABŞ-Çin ticarət
münasibətləri, tariflər, nadir torpaq minerallarının tədarükü və
süni intellekt sahəsində rəqabət və əməkdaşlıq olacaq. Tayvan
məsələsi və İranla bağlı vəziyyətin də müzakirə ediləcəyi
gözlənilir.

Qeyd edək ki, bu, Si Cinpinin son 11 ildə ABŞ-yə ilk dövlət
səfəridir. Səfər sentyabrın 25-də başa çatacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir