Azərbaycan Qran-Prisinin ilk gününda hansı yarışlar keçiriləcək?

Baş səhifə

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü Bakı Şəhər
Halqasında intensiv proqramla başlayacaq.

Trend-in
yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, səhər
saatlarından etibarən Formula 2 və Formula 1 pilotları trekə
çıxaraq həftəsonunun ilk sərbəst yürüşlərinə start verəcəklər.

Günün ilk sessiyası saat 10:00-da Formula 2 pilotlarının sərbəst
yürüşü ilə start götürəcək. 45 dəqiqəlik sessiyada pilotlar Bakı
Şəhər Halqasındakı ilk dövrələrini tamamlayacaq, bolidlərin
sazlanmalarını yoxlayacaq və günün iki sıralanma sessiyasına
hazırlaşacaqlar.

Saat 12:30-da isə diqqət Formula 1-ə yönələcək. Bir saat davam
edəcək birinci sərbəst yürüşdə komandalar trekin mürəkkəb
döngələrində bolidlərinin texniki xüsusiyyətlərini və “Pirelli”
təkərlərinin dözümlülüyünü sınaqdan keçirəcəklər. Sessiya zamanı
əldə olunan məlumatlar komandaların yarış strategiyasının
formalaşdırılmasında mühüm rol oynayacaq.




Saat 14:00 və 14:30-da Formula 2 pilotları ardıcıl davam edən
iki sıralanma turları üçün yenidən trekə çıxacaqlar. Sıralanma
turlarının sonunda sprint və əsas yarış üçün start mövqeləri
müəyyənləşəcək.

Saat 16:00-da isə növbə Formula 1 pilotlarının ikinci sərbəst
yürüşünə çatacaq. Komandalar günün ilk sessiyasında başladıqları
işi davam etdirərək, bolidlərin imkanlarını maksimuma artırmağa və
tempə əlavə sürət qatmağa çalışacaqlar.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi çərçivəsində dəstək yarışını
yalnız Formula 2 keçirdiyi üçün bu il seriyanın Bakı mərhələsində
genişləndirilmiş proqram tətbiq olunur. Formula 2 həftəsonu bir
sərbəst yürüş, iki sıralanma sessiyası, bir sprint və iki əsas
yarışdan ibarət olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir