
Bakı.Trend:
ABŞ Transxəzər dəhlizinin inkişafına, o cümlədən yeni hüquqi
şəxsin yaradılması və ona investisiya yatırılması yolu ilə
sadiqliyini nümayiş etdirir.
Trend-in müxbiri
xəbər verir ki, bunu cümə günü Bakıda keçirilən II Azərbaycan
Beynəlxalq İnvestisiya Forumunda ABŞ-nin Azərbaycandakı işlər
vəkili, diplomatik missiya rəhbərinin müavini Emi Karlon deyib.
Onun sözlərinə görə, ABŞ-nin bu layihədə iştirakı yalnız
dəstəklə məhdudlaşmır, həmçinin investisiyaları və gələcəkdə onun
iqtisadi baxımdan dayanıqlı olması üçün şərait yaradılmasını
nəzərdə tutur.
“Bu, həqiqətən də ABŞ-nin bu layihəyə investisiya yatırdığını
göstərir, çünki biz də bu layihənin iştirakçısıyıq. Bu, sadəcə bir
ad və ya əlavə dəstək elementi deyil. Yeni struktur yaratmağımız,
ona investisiya yatırmağımız və gələcəkdə onun iqtisadi baxımdan
dayanıqlı olmasını təmin etməyimiz bu layihəyə nə dərəcədə sadiq
olduğumuzu göstərir”, – deyə Karlon bildirib.
Diplomat qeyd edib ki, bu səylərin bir hissəsi 201
milyon dollar həcmində olan “Trans-Caspian Enterprise Fund”
fondudur. Fond özəl investisiyaların cəlb edilməsinə
fokuslanacaq.
“Bu, həmkarlarımın burada danışdıqları məsələyə –
infrastruktur əlaqəsinə özəl sektorun marağının və investisiyaların
cəlb edilməsinə töhfə verəcək”, – deyə o bildirib.
İşlər vəkili həmçinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə
Korporasiyasının (DFC) və ABŞ İxrac-İdxal Bankının (EXIM) rolunu
qeyd edib.
Onun sözlərinə görə, bu qurumlar kreditlər,
zəmanətlər, kapital qoyuluşları və ABŞ fermerləri üçün risklərin
sığortalanması kimi alətlərdən istifadə edə bilərlər. Bu isə belə
investisiyaların həyata keçirilməsinə inamı artırmağa imkan
verəcək.
“Biz belə böyük layihə ilə bağlı ilkin riskləri öz
üzərimizə götürəcəyik”, – deyə o bildirib.

