
Bakı.Trend:
Azərbaycan “Masdar”ın əsas bazarlarından birinə çevrilib.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə “Masdar” şirkətinin
Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıqov cümə günü Bakıda
keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində
keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: Çətinliklər və
imkanlar”adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, “Masdar Azərbaycan” artıq regional bir mərkəz
rolunu oynayır.
“Azərbaycanlı mütəxəssislərimiz Mərkəzi Asiyadakı və digər
ölkələrdəki layihələrimizə təcrübə mübadiləsinə gedir, müxtəlif
ölkələrdən olan kadrları bir araya gətiririk. “Masdar” Birləşmiş
Ərəb Əmirlikləri şirkəti olsa da, biz beynəlxalq miqyaslı bir
qurumuq. Komandamızda müxtəlif millətlərin nümayəndələri çalışır və
Azərbaycandakı layihələrimiz də bu çoxmədəniyyətlilikdən böyük
fayda görür”, – deyə o bildirib.
M.Sadıqov əlavə edib ki, əsas məsələ şirkətin bazara olan
baxışıdır.
“Biz Azərbaycan bazarını özümüz üçün ən ümidverici və vacib
strateji bazarlardan biri hesab edirik. Məhz buna görə “Masdar”ın
bütün resursları, mütəxəssis bazası və tərəfdaşlıq əlaqələri bura
yönəldilib.
Azərbaycan hökumətinin investorlara göstərdiyi açıq və
dəstəkləyici münasibət bizi son dərəcə ruhlandırır. Belə bir dəstək
olmasaydı, bu layihələri həyata keçirmək mümkün olmazdı. Onlar
dialoqa açıqdırlar, hər bir məsələni müzakirə edirlər və heç bir
süni maneə yaratmırlar”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi
və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi –
“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel
sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt
və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi
zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və
orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına
investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.

