Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər Halqasında Formula 2 üzrə Azərbaycan Qran-prisinin
sonuncu – ikinci əsas yarışı start götürüb.

Trend-in
yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, pilotlar 29
dövrə və ya 60 dəqiqə + 1 dövrə ərzində mübarizə aparacaqlar.

Əsas yarışa “Rodin Motorsport” komandasının pilotu Martinius
Stenshorne ilk sıradan başlayacaq. O, cümə axşamı keçirilən ikinci
sıralanma turunda 1 dəqiqə 53,728 saniyəlik nəticə ilə poul
mövqeyini əldə edib. Komanda yoldaşı Aleksandr Dann isə
1,54,173-lük göstərici ilə ikinci yerdə qərarlaşıb. Beləliklə,
“Rodin Motorsport” Feature Race 2 üçün də ilk iki start mövqeyini
özündə saxlayıb.

Start cərgəsinin ikinci sırasının ilk mövqeyində çempionatın
hazırkı lideri Rafael Kamara yer alacaq. Ondan sonra “PREMA Racing”
pilotu Mari Boya, “ART Grand Prix”dən Kuş Maini və “Campos
Racing”dən Noel Leon sıralanıb. Çempionatın digər əsas
iddiaçılarından Nikola Tsolov isə səkkizinci yerdən start
götürəcək.




Bakı mərhələsi çempionat mübarizəsi baxımından da xüsusi
əhəmiyyət daşıyır. Cümə günü keçirilən ilk əsas yarışda Aleksandr
Dann qalib gəlib, Martinius Stenshorne ikinci, Dino Beqanoviç isə
üçüncü olub. Rafael Kamara finişə dördüncü çatmaqla çempionatın
liderliyini ələ keçirib. Nikola Tsolov isə yarışı başa vura
bilməyib. Bunun nəticəsində Kamara 182 xalla liderliyə yüksəlib,
Tsolov 181 xalla ikinci, Dann isə 174 xalla üçüncü pilləyə
qalxıb.

Dino Beqanoviç də Bakıdakı ilk yarış gününü məhsuldar keçirib.
“DAMS Lucas Oil” pilotu əvvəlcə sprint yarışında qalib gəlib, daha
sonra Feature Race 1-i üçüncü pillədə tamamlayıb. Sprintdə Laurens
Van Hoepen ikinci, Aleksandr Dann isə üçüncü olub.

Azərbaycan Qran-prisinin builki Formula 2 proqramında ümumilikdə
67 xal uğrunda mübarizə nəzərdə tutulub. Bu isə Bakı mərhələsində
nəticələrin çempionatın yekun sıralamasına ciddi təsir göstərə
biləcəyi anlamına gəlir.

Qeyd edək ki, Formula 2 təqviminin 12-ci mərhələsi Bakıda
keçirilir. Mövsümün bundan sonra daha iki mərhələsi – Qətərin
Lusail və Birləşmiş Ərəb Əmirliklərinin Yas Marina traslarında
keçiriləcək yarışlar – qalır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir